AZ

Bu ayaqqabılar sağlamlıq üçün risklidir -

Bəzi məşhur mağazalarda 3-5 manata ayaqqabıların satıldığı müşahidə olunur. Bu ayaqqabıların keyfiyyəti ilə yanaşı, onların dəriyə törədə biləcəyi təhlükələr də narahatlıq doğurur. Bəziləri hesab edir ki, ucuz Çin istehsalı ayaqqabılar hətta xərçəng xəstəliyinə belə səbəb ola bilər. Bəs ucuz ayaqqabılar sağlamlıq üçün nə dərəcədə risklidir? Dermatonevroloq Zakir Abıyev Metbuat.az-a açıqlamasında bildirib ki, ucuz Çin ayaqqabılarından istifadə edənlər onları corabla geyinməlidirlər: “Xərçəng xəstəliyinə gətirib çıxaracağını düşünmürəm. Sadəcə Çin məhsullarının tərkibində kimyəvi maddələr çox olur. Bu da birbaşa təmas zamanı müəyyən allergik xəstəliklər yarada bilər. Ümumiyyətlə, bu cür ayaqqabılar həm də keyfiyyətsiz olur və tez sıradan çıxır”. Dermatoloq Tünzalə Əzizli də qeyd edib ki, bu cür ucuz satılan ayaqqabı və geyimlərin tərkibi məlum olmadıqda, onların dəriyə ciddi zərər vurma ehtimalı artır: “Belə keyfiyyətsiz məhsullar allergik kontakt dermatitlərə, dəridə qıcıqlanma, qaşınma, qızartı və səpkilərə səbəb ola bilər. Həmçinin bu cür ayaqqabılar ayaqda göbələk, çox tərləmə, kəskin qoxu və digər xoşagəlməz problemlər yarada bilər. Qarşısını almaq üçün məhsulların tərkibi barədə məlumatlı olmaq və keyfiyyətli məhsullara üstünlük vermək lazımdır”. Həkim əlavə edib ki, belə hallar müşahidə olunduqda, mütləq dermatoloqa müraciət edilməlidir. Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
11
1
metbuat.az

2Mənbələr