AZ

“Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyur”

Prezident İlham Əliyev Zəfər yürüşünün 40-cı günündə İspaniyanın EFE agentliyinə bu həqiqəti bildirmişdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibədə ölkə rəhbəri həm Vətən müharibəsinin gedişində diqqət çəkən hərbi-siyasi vəziyyəti təhlil edir, həm də işğalçıdan azad olunan ərazilərin miqyası və gələcək hədəflərini, humanitar atəşkəslərin uğursuzluğu səbəblərini və beynəlxalq aktorların roluna dair gözləntiləri bölüşmüşdü.

Dövlətimizin başçısı müsahibənin əvvəlində artıq hərbi əməliyyatların altıncı həftəsinə başlanıldığını, ötən müddətdə Azərbaycan Ordusunun döyüş meydanında üstünlük nümayiş etdirdiyini, bir-birinin ardınca yaşayış məntəqələrini işğalçıdan geri aldığını bildirirdi. Ölkə rəhbəri, eyni zamanda, ordumuzun genişmiqyaslı döyüş əməliyyatlarını sürətlə aparmasının Silahlı Qüvvələrimizin güc-qüdrətindən xəbər verdiyini xatırladırdı.

Onu da deyək ki, bu müsahibə Azərbaycan Ordusunun Şuşaya doğru irəlilədiyi və müharibənin nəticəsini müəyyənləşdirən son günlərə təsadüf edirdi. Bu səbəbdən dövlətimizin başçısının EFE informasiya agentliyinə bildirdikləri həm beynəlxalq ictimaiyyətə ünvanlanmış strateji mesaj, həm də Azərbaycan cəmiyyətinə ünvanlanan mənəvi-siyasi bəyanat idi.

Prezident İlham Əliyev müsahibədə beynəlxalq hüququn üstünlüyünü, Azərbaycanın ərazi bütövlüyünün bərpasının legitim xarakter daşıdığını qətiyyətlə vurğulayırdı. Ölkə rəhbərinin “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edir” fikri isə bu mövqenin mahiyyətini dəqiqliklə ifadə edirdi: “Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir. Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanında ötən müddət ərzində Azərbaycan Ordusu, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Silahlı Qüvvələrimizin hücum əməliyyatı uğurla davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın tarixi ərazi bütövlüyünü bərpa edirik…”.

Müsahibədə diqqəti çəkən digər vacib istiqamət isə danışıqlar prosesinə münasibət idi. Prezident İlham Əliyev baş nazir Paşinyanla birbaşa görüşün “məntiqsiz” olmasını vurğulayaraq bildirirdi ki, Ermənistan rəhbərliyi sülh danışıqlarını imitasiya edir, vaxtı uzadır və işğal faktını legitimləşdirməyə çalışır. Bu bəyanat həm Ermənistanın qeyri-konstruktiv siyasətinə cavab idi, həm də Azərbaycanın diplomatik çevikliyini nümayiş etdirirdi.

Azərbaycan liderinin çıxışında vurğulanan mühüm məsələlərdən biri də regionda güc balansına dair mesaj idi. Belə ki, Prezident İlham Əliyev respublikamızın heç bir xarici qüvvənin diktəsi ilə deyil, öz milli maraqları və beynəlxalq hüququn prinsipləri çərçivəsində hərəkət etdiyini bildirirdi. Bu bəyanat həm ölkəmizin müstəqil siyasət yürütdüyünün təsdiqi, həm də yeni reallıqların siyasi əsaslandırılması idi. Bununla yanaşı, müsahibədə Azərbaycan Ordusunun yüksək peşəkarlığı, mülki əhaliyə qarşı əməliyyatların məqsədli şəkildə yönəldilməməsi və döyüşlərin beynəlxalq humanitar hüquqa uyğun aparılması vurğulanırdı. Bu mesajlar Qərb auditoriyasında obyektiv qavrayış formalaşdırmaq məqsədi daşıyırdı.

Müsahibə, eyni zamanda, informasiya diplomatiyasının parlaq nümunəsi idi. Prezident İlham Əliyev suallara qısa, dəqiq və faktlara əsaslanmış cavablar verməklə Azərbaycan mövqeyini emosiyasız, lakin prinsipiallıqla ifadə edirdi. Bu, beynəlxalq mediada yayılan təhriflərə qarşı ən səmərəli cavab üsulu idi. Azərbaycan liderinin EFE kimi Qərbin nüfuzlu xəbər agentliyinə müsahibə verməsi də təsadüfi deyildi, burada Avropa ictimaiyyətinə, xüsusilə də ispandilli media məkanına ölkəmizin ədalətli mübarizəsini birbaşa qaynaqlardan çatdırmaq əsas məqsəd idi.

Prezidentin müsahibəsi həm daxili, həm də beynəlxalq səviyyədə psixoloji və siyasi əks-səda doğurdu. Daxildə bu çıxış xalqın mübarizə əzmini möhkəmləndirdi, orduya və rəhbərliyə inamı artırdı. Xaricdə isə Azərbaycan liderinin diplomatik peşəkarlığı, arqumentlərinin hüquqa əsaslandığı xüsusi diqqət çəkdi. Bu baxımdan ölkə rəhbərinin EFE agentliyinə verdiyi müsahibə beynəlxalq aləmdə 44 günlük müharibə zamanı Azərbaycan diplomatiyasının ən uğurlu kommunikasiya aktlarından biri kimi dəyərləndirildi.

İlham Əliyevin 4 noyabr 2020-ci il EFE müsahibəsi Azərbaycanın haqq səsini dünyaya çatdırmaqla yanaşı, postmüharibə dövrü üçün siyasi və ideoloji çərçivənin formalaşmasında mühüm rol oynadı. Müsahibə, əslində, Azərbaycanın qələbə diplomatiyasının konseptual başlanğıcı idi. Bu çıxışla Prezident İlham Əliyev həm beynəlxalq hüquqa söykənən mövqeyi təsdiqlədi, həm də Azərbaycan xalqının milli birliyini gücləndirdi.

Müsahibədə dövlət başçısının “Hər iki tərəf artıq 3 humanitar atəşkəslə bağlı razılığa gəlib. Lakin razılaşmanın müddəti heç bir neçə dəqiqə belə çəkməyib. Nəyə görə müharibəni 3 dəfə dayandırmaq və danışıqlara başlamaq mümkün olmayıb?” sualına cavabı da diqqət çəkib. Prezident bunu – atəşkəslərin işləməməsini doğru olaraq Ermənistanın artıq Azərbaycanın azad edilmiş ərazilərini geri almaq cəhdi ilə əlaqələndirib: “İşğalçı əlindən geri alınan torpaqları yenidən işğal etmək istəyirdi. Ona görə də humanitar məqsədlərlə elan olunan bu atəşkəsdən resursları səfərbər etmək və yeni hücuma keçmək üçün istifadə etmək məqsədi güdürdü. Bunu gerçəkləşdirə bilməyəndə isə Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum edirdi, dinc sakinləri qətlə yetirir, mülki infrastrukturu dağıdırdı”.

Azərbaycan lideri müsahibədə müharibənin gedişində respublikamızın mövqeyini dəfələrlə diqqətə çatdırdığını, əsas vəzifənin ölkənin ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlərboyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin yaşayış sahələrində soydaşlarımızla erməni icması arasında sülh şəraitində birgəyaşayışı reallaşdırmaq olduğunu bildirib. Ölkə rəhbəri Azərbaycanın mövqeyinin sağlam düşüncəyə, humanitar zəminə əsaslandığını və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini də diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra deyib: “Ermənistan kompromisdən danışanda konkret heç nə demir. İşğalçı yalnız öz müqəddəratını təyinetmədən danışır, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi…”.

Prezident İlham Əliyevin jurnalistin “Əgər belə olmasa, Sizin üçün yalnız hərbi variant mövcuddur?” sualına cavabı da Azərbaycanın haqq yolundakı qətiyyətli mübarizəsindən xəbər verirdi: “Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir”.

Azərbaycan lideri Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini yaxşı bildiyi üçün Paşinyanla bir masa arxasında oturmağın heç bir əhəmiyyətli məna kəsb etmədiyini düşünürdü. Müharibə başlanmazdan əvvəlki son iki il ərzində dövlətimizin başçısı Paşinyanla çoxsaylı görüşlər keçirmişdi, lakin bu təmaslar tamamilə səmərəsiz və mənasız olmuşdu. Düzdür, baş nazir Paşinyan ilk görüşlərdə dövlətimizin başçısına “Ermənistan “inqilabdan” sonra siyasi cəhətdən öz mövqeyini gücləndirəcək və əsas prinsipləri yerinə yetirmək üçün konstruktiv şəkildə işləməyə hazır olacaq” kimi müsbət vəd vermişdi. Lakin bir ildən sonra o, tamamilə fərqli sözlər dedi. “Azərbaycana qaytarılası bir santimetr belə torpaq yoxdur, Qarabağ Ermənistandır”, – bildirdi. Eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağdakı qondarma qurumun dırnaqarası “rəhbərliyi” ilə danışıqlar aparmasının zəruriliyini vurğuladı. Prezident İlham Əliyev sözügedən müsahibədə Paşinyanın bu fikirlərini xatırladaraq dedi: “O, danışıqlar prosesini pozmaq üçün hər şeyi etdi. Ona görə də hazırda mən onunla görüşməkdə bir məna görmürəm. Bu yaxınlarda bizim xarici işlər nazirlərimiz Cenevrədə görüşüblər və mən düşünürəm ki, hazırda bu, təmaslar üçün doğru formatdır”.

Yeri gəlmişkən, xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hələ 2019-cu ilin avqustunda işğal altındakı Xankəndi şəhərinə qanunsuz səfəri zamanı “Qarabağ Ermənistandır və nöqtə” sözlərini işlətmişdi. Ardından həmin ilin sentyabrında Vanadzor (Qarakilsə) şəhərində keçirdiyi mətbuat konfransında da eyni sözləri təkrarlamışdı.

Prezident İlham Əliyev müsahibənin sonunda 30 il ərzində Minsk qrupunun işğal edilmiş ərazilərin qaytarılması üçün heç nə etmədiyini və ya bu istiqamətdə heç bir irəliləyişə nail olmadığını da diqqətə çatdırdı. Başqa sözlə, Minsk qrupu əraziləri boşaltması ilə bağlı Ermənistana təzyiq göstərmək üçün mövcud alətlərdən istifadə etmədi. Halbuki bu qrupa üzv dövlətlərdən hər birinin birtərəfli qaydada Ermənistana təsir etmək üçün kifayət qədər vasitələri – hərbi, siyasi, iqtisadi, eləcə də diaspor dəstəyi var idi. Ən başlıcası isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə laqeyd münasibət bəslənildi. Ona görə də nəticənin olmaması faktı, əlbəttə ki, onların bacarmadığından çox istəmədiyini nümayiş etdirdi.

Vaqif BAYRAMOV
XQ

Seçilən
23
1
xalqqazeti.az

2Mənbələr