AZ

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə mövzusunda beynəlxalq tədbir keçirilib.

Hakimiyyet.az xəbər verir ki, 28-31 oktyabr tarixlərində Avstriya Respublikasının paytaxtı Vyana şəhərində Narkotiklərlə bağlı qanunlara riayət olunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin 16-cı iclası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin aidiyyəti əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

İclasda respublikamızın üzv olduğu narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı beynəlxalq konvensiyaların müddəalarından irəli gələn vəzifələrin icrası, Azərbaycanda narkotiklərin qaçaqmalçılığına qarşı aparılan mübarizə, ölkənin narkotik maddələrin daşınması üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınması istiqamətində, habelə bu sahədə qəbul olunmuş 2019-2024 və 2025-2030-cu illəri əhatə edən Dövlət proqramları çərçivəsində görülmüş tədbirlər barədə nümayəndə heyəti tərəfindən ətraflı məlumat verilib. Bildirilib ki, ötən müddətdə Azərbaycan tərəfi ilə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı BMT-nin müvafiq qurumu (UNODC), İNTERPOL və digər beynəlxalq və regional təsisatlar arasında səmərəli əməkdaşlıq əlaqələri yaradılıb. Eyni zamanda, son vaxtlarda ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi (DEA) ilə qurulmuş işgüzar münasibətlərə də toxunulub.

Həmçinin vurğulanıb ki, 2019-2024-cü illər ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində 47.863 fakt aşkar edilib. Bundan əlavə, qeyd olunan dövrdə 33,5 ton müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısı alınıb, 510 nəfəri əcnəbi olmaqla, ümumilikdə 39.002 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Rəsmi statistikaya görə, son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10 narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqram narkotik vasitə müsadirə edilib.

Eləcə də tədbirdə Azərbaycan nümayəndə heyəti tərəfindən tərəfdaş dövlətlərin istintaq orqanları və əməliyyat qurumları arasında əlaqələrin və əməliyyat məlumatlarının mübadiləsinin genişləndirilməsi, o cümlədən beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə narkotik vasitələrin daşınmasına ölkələrin birgə nəzarətinin təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Bundan başqa, müasir dövrümüzdə göstərilən sahədə yaranmış təhdidlər sırasında internet üzərindən narkotik vasitələrin satışının həyata keçirilməsinin, cinayətkarların pilotsuz uçuş aparatlarından narkotiklərin daşınmasında istifadə etmələrinin yer alması narahatlıq doğuran hallar kimi diqqətə çatdırılıb.

Xüsusilə qeyd olunub ki, ümumbəşəri bəlaya çevrilmiş narkotiklərin qeyri-qanuni dövriyyəsi, bu işlə məşğul olan cinayətkar qruplaşmaların zərərsizləşdirilməsi yönündə birgə səylərin gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin və informasiya mübadiləsinin daha da intensivləşdirilməsinə ciddi ehtiyac vardır.

Seçilən
21
19
hakimiyyet.az

10Mənbələr