AZ

Prezidentin AMEA-dakı nitqi: Elmin milli inkişafdakı rolu...

“2025-ci ilin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə çıxış edən Prezident İlham Əliyev Akademiyanın fəaliyyətinə, Azərbaycanın elmi potensialına və gələcək istiqamətlərə dair dərin məzmunlu fikirlər səsləndirdi”.

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, dövlət başçısının çıxışı həm tarixi retrospektiv baxışı, həm də müasir çağırışlara yönələn strateji baxışları ilə diqqət çəkirdi:

“Prezident qeyd etdi ki, AMEA 80 il ərzində böyük inkişaf yolu keçərək, Azərbaycan elminin əsas dayağına çevrilib. Akademiya ölkənin intellektual simasını formalaşdırmış, müxtəlif dövrlərdə yüzlərlə alim və tədqiqatçı yetişdirib. İlham Əliyev xüsusilə vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Akademiyanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuş, elmi müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, gənc alimlərin yetişdirilməsinə xüsusi diqqət ayrılıb. 

Prezident İlham Əliyev çıxışında bu gün dünyanın əsas inkişaf meyillərinin elmlə, texnologiya ilə və intellektual potensialla sıx bağlı olduğunu vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, artıq müasir dövrdə ölkələrin gücü yalnız təbii sərvətlərlə deyil, elmi-texnoloji yeniliklər və insan kapitalı ilə ölçülür”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, Prezident “süni intellekt”, “rəqəmsallaşma”, “kibertəhlükəsizlik” kimi sahələri gələcəyin əsas prioritet istiqamətləri kimi dəyərləndirdi:

“O, alimləri bu sahələrdə tədqiqatları genişləndirməyə, elmi nəticələri praktik tətbiqə çevirməyə çağırdı. Prezident həmçinin qeyd etdi ki, elmi fəaliyyət yalnız nəzəri səviyyədə qalmamalı, onun nəticələri sənaye, iqtisadiyyat və sosial həyatla birbaşa əlaqələndirilməlidir. İlham Əliyevin çıxışında ölkənin müstəqillik dövründə keçdiyi mürəkkəb, lakin şərəfli yoldan da bəhs edərək, 1990-cı illərin çətinliklərinə baxmayaraq, Azərbaycanın bu gün tam suveren, iqtisadi cəhətdən güclü və müasir bir dövlətə çevrildiyini, bu prosesdə elmin və təhsilin mühüm rol oynadığını vurğuladı.  

Prezident bildirdi ki, Azərbaycan iqtisadiyyatında artıq qeyri-neft sektoru aparıcı mövqedədir və elmi yeniliklər bu sahənin inkişafına ciddi töhfə verir. Xarici borcun azlığı, dayanıqlı iqtisadi artım və texnoloji müstəqillik kimi göstəricilər elmin dövlət siyasətindəki strateji əhəmiyyətini bir daha sübut edir.

Cənab İlham Əliyev çıxışında Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə də toxundu. O vurğuladı ki, bu ərazilərdə həyata keçirilən layihələr, o cümlədən bərpa olunan enerji mənbələrinin yaradılması, ekoloji monitorinqlər, geoloji kəşfiyyat və kənd təsərrüfatı potensialının öyrənilməsi birbaşa elmi tədqiqatların iştirakı ilə həyata keçirilməlidir”.

Millət vəkili əlavə edib ki, İlham Əliyev azad edilmiş torpaqlarımızda hər bir layihənin elmi əsaslara söykənməli, orada qurulan həyat müasir bilik və texnologiyalar üzərində formalaşmalı olduğunu da xüsusi vurğuladı:

“İlham Əliyev çıxışında AMEA-nın fəaliyyətinə dövlət tərəfindən verilən dəstəyin davamlı xarakter daşıdığını da qeyd etdi. Son illərdə Akademiyaya ayrılan maliyyə vəsaitləri əhəmiyyətli dərəcədə artırılıb, yeni tədqiqat mərkəzləri, kitabxanalar və laboratoriyalar istifadəyə verilib.

Prezident bu siyasətin gələcəkdə də davam etdiriləcəyini bəyan etdi. Dövlət başçısı alimlərə müraciət edərək bildirdi ki, elmin nüfuzunu qorumaq, gənc nəslin elmə marağını artırmaq, beynəlxalq elmi əməkdaşlığı genişləndirmək vacibdir. Akademiyanın qarşısında duran əsas vəzifələrdən biri də Azərbaycan elminin dünya elmi məkanında mövqeyini gücləndirməkdir.  

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki çıxışı bir daha sübut etdi ki, Azərbaycan dövləti üçün elm yalnız bilik mənbəyi deyil, həm də milli təhlükəsizlik, iqtisadi inkişaf və müasir dövlətçilik dayağıdır. Bu çıxış həm keçmişin nailiyyətlərinə dərin hörmət ifadəsi, həm də gələcəyə yönəlmiş strateji proqram xarakteri daşıyır.

Elmin və texnologiyanın milli prioritet kimi dəyərləndirilməsi, gənc alimlərə çağırış və müasir çağırışlara uyğun adaptasiya – Prezidentin çıxışının əsas mesajını təşkil edirdi. Bu çağırış Azərbaycan elminin yeni dövrə qədəm qoyduğunu göstərir, praktik nəticəyə yönələn, texnologiya ilə inteqrasiya olunan və dövlət inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilən bir dövrə”.

Seçilən
12
cebheinfo.az

1Mənbələr