AZ

TƏBİB: 12 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub

TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə tədbirləri davam etdirir.

Dövlət Proqramına uyğun olaraq Zaqatala, Biləsuvar, Xocalı və Beyləqan rayon mərkəzi xəstəxanalarının tibb heyəti tərəfindən uşaqların ilkin müayinələri həyata keçirilib.

Mərkəzi xəstəxanaların tibb heyəti tərəfindən yanvar-sentyabr ayları ərzində 12 296 uşaq icbari dispanserizasiyaya cəlb olunub.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 8 000, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən 3 440, Xocalı Rayon Mərkəzi Xəstəxanasının heyəti tərəfindən 773, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti tərəfindən isə 83 uşaq müayinə edilib.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin uşaqlara qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçmək və aşkarlanan xəstəliklərin müalicəsinə başlamaq tövsiyə olunub.

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il tarixli Fərmanına uyğun olaraq davam etdirilir.

İcbari dispanserizasiyanın əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər - pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər həkimlər tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir.

Seçilən
14
1
teleqraf.com

2Mənbələr