AZ

“Monqolustan əti Beyləqan qoyunundan dadlıdır”- iddia

Məlumatlara görə, Bakıda restoranlarda, hətta şadlıq evlərində bu ölkədən gətirilmiş donmuş ətdən istifadə olunur

Məlum olduğu kimi, dabaq xəstəliyi ilə əlaqədar oktyabrın 25-dən etibarən heyvan bazarları fəaliyyətini dayandırıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həmin gündən ölkə üzrə bütün heyvan bazarlarının müvəqqəti bağlandığını rəsmən açıqlayıb. 

Qurumdan bildirilir ki, müxtəlif ölkələrdə xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu hal region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır. Qərara əsasən, heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılır. Tədbirlər tamamlandıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa  ediləcək. 

Lakin heyvan bazarlarının nə zaman açılacağı hələlik məlum deyil. Bu səbəbdən qəssablar diri heyvan tapmaqda çətinlik çəkirlər, əhali də narahatlığa görə ət almağa tərəddüd edir. Məlumatlara görə, artıq Bakı restoranlarında, hətta şadlıq evlərindəki toy məclislərində Monqolustandan gətirilən donmuş ətdən istifadə olunur. Bu ətin kiloqramı 11-13 manata təklif olunur. 

Monqolustan dünyanın ən böyük  heyvandarlıq mərkəzlərindən biridir. 2024-cü ilin rəsmi sayımı ölkədə təxminən 57,6 milyon baş ümumi heyvan olduğunu göstərib. Bu heyvanların əksəriyyəti qoyun və keçilərdir. 2024-cü ildə ümumi sürünün təxminən 80%-dən çoxu qoyun və keçilərdir; mal-qara (cattle) və atın payı xeyli azdır, dəvə sayı isə nisbətən aşağıdır. Monqolustanın ixrac profili də buna uyğun gəlir. İxrac olunan ətin böyük hissəsi qoyun və keçi ətləridir. 2025-ci ilin ilk 8 ayında ölkə təxminən 18.1 min ton ət və ət məhsulu ixrac edib. İxrac olunan ətin təxminən 60-65%-i qoyun-keçi mənşəlidir. Bu ilin yalnız birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Halbuki ötən il 12 ay ərzində cəmi 40 ton ət idxal edilib. Bu ətlərə tələbatın artdığını satıcılar da təsdiqləyirlər. Monqolustan ətinin qiyməti 13-15 manat arasında dəyişir. Satıcılar bildirirlər ki, xarici ət daha dadlıdır. Qiymətin ucuzluğuna gəldikdə isə satıcılar bunu xaricdəki heyvan bolluğu və ərazi genişliyi ilə əlaqələndirərək, Monqolustanda qoyunçuluğun kifayət qədər inkişaf etdiyini bildiriblər.

İqtisadçı ekspertlər bildiriblər ki, ölkəmizə daha çox Rusiya, Gürcüstan, Hindistandan ət idxal olunur. Son zamanlar isə Monqolustan da bu sıraya daxil olub.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycan 373,4 min ABŞ dolları dəyərində 106,52 ton qoyun əti idxal edib. Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyər ifadəsində 35%, kəmiyyət olaraq 24% azdır.

Bu dövr ərzində Azərbaycan Monqolustandan 349,72 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 38% az) 87,43 ton (-38%), Rusiyadan 18,65 min ABŞ dolları dəyərində (+1 865 dəfə) 18,92 ton (+1 892 dəfə), Yeni Zelandiyadan 4,49 min ABŞ dolları dəyərində (+5,4 %) 0,14 ton (-26%) və Avstraliyadan 0,53 min ABŞ dolları dəyərində (-62%) 0,03 ton (-40%) məhsul alıb. 2024-cü ildə Azərbaycana idxal edilmiş 453 ton qoyun ətinin 99,3%-i Monqolustanın payına düşüb. 

Eyyub

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Monqolustan böyük qoyun əti ixracatçısıdır, bu ətlər ən çox İrana gedir: “Bu məhsul ekoloji təmiz hesab olunur. Əlbəttə, bu məhsul yerli Qarabağ qoyunları ilə eyni deyil. Merinos tipli qoyunlar müsəlman ölkələrə ixrac olunur. Bu məhsulun gətirilməsi tam nəzarət altındadır. Oradakı qoyunçuluq təsərrüfatlarına da nəzarət edilir. Azərbaycana gətirilən məhsullara isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Bu məhsullar əsasən restoranlara göndərilir. Az bir hissəsi sənayedə istifadə olunur. Bu ətlər açıq şəkildə az satılır. Ölkəmizə kilosu 12-13 manata gəlib çıxır. Qeyd edim ki, təxminən 5 ildən sonra ölkəmizə xaricdən qoyun əti gətirilməsinə ehtiyac olmayacaq. Çünki işğaldan azad edilmiş ərazilərdə heyvandarlıq geniş inkişaf edəcək”.

E.Hüseynov əlavə edib ki, ətin dadı regionlara görə dəyişir: “Ən dadlı ət şoranlıq zonasının bitkiləri ilə qidalanan heyvanların ətləridir. İstehlakçılardan verilən məlumata görə, yerli ətlər, o cümlədən Muğan zonasında, Beyləqanda yetişdirilən heyvanların ətləri Monqolustan ətlərindən daha dadlıdır. Bu zonanın əti hamısından dadlıdır. Yeni Zelandiyada yetişdirilmiş qoyunun ətini də yemişəm, son dərəcə yumşaq, dadlıdır. Orada heyvanlar təbii şəraitdə yemlənir, süni yem verilmir. Təsadüfi deyil ki, son zamanlar AİB-ə edilən müraciətlərdə ən məşhur restoranlardakı lülə, tikə kababların dadsız olduğu bildirilir. İstisna olunmur ki, kabablar Monqolustandan gətirilən ətlərdən hazırlanıb, buna görə də insanların ağız dadlarına uyğun deyil. İstehlakçıların yerli quzu ətinin verilməsi ilə bağlı tələb irəli sürmək haqqı var. O cümlədən qarşı tərəf istehlakçıya ətin mənşəyi barədə məlumat verməyə borcludur”.   

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Seçilən
17
2
musavat.com

3Mənbələr