AZ

Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” mövzusunda mətbuat konfransı keçirilib. Komitə sədri fəaliyyətlərində gündəlik olaraq mətbuatla işin əsas prioritet istiqamət olduğunu vurğulayıb.

Bahar Muradova qeyd edib ki, dövlət komitəsi öz fəaliyyəti dövründə ailə institunun inkişafı və möhkəmləndirilməsi, ailələrin təhlükəsizliyi, uşaq hüquqlarının təmin  edilməsinə dövlət nəzarətinin gücləndirilməsi, uşaqların informasiya təhlükəsizliyi və digər sahələr üzrə vacib təkliflərlə çıxış edib. Vurğulayıb ki, son illərdə bu sahələr üzrə 7 qanuna dəyişiklik edilib, 11 qayda və əsasnamə, 3 dövlət proqramı qəbul olunub. Qəbul edilmiş hüquqi sənədlərin ailə institutunun möhkəmlənməsinə, qadın və uşaqların hüquqlarının qorunmasına, cəmiyyətdə hüquq şüurunun artmasına mühüm töhfə verdiyini bildirən sədr əlavə edib ki, bu sənədlər  cəmiyyətin hüquq şüurunun inkişafına, uzun illər formalaşmış, ayrı-seçkiliyə səbəb olan steriotiplərin əhəmiyyətli dərəcədə dəyişməsinə imkan verib. Bildirib ki, ölkəmizdə sosial siyasətin əsas və mühüm istiqamətlərindən biri, ilk növbədə, ailənin rifahının təmin olunmasıdır. Çünki ailə cəmiyyətin əsasıdır, bu ailədə fərdlər, şəxsiyyətlər yetişir, onlar sabahın müstəqil vətəndaşları olmalıdır: “Azərbaycan ailəsi milli kimliyini qorumalıdır, eyni zamanda müasir çağırışlara uyğun da yenilənməlidir”. 

Uşaq siyasəti sahəsində hüquqi islahatlardan danışan sədr, Azərbaycanda uşaq siyasətinin gücləndirilməsi və müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və onun  2020–2025-ci illər üçün Fəaliyyət Planının təsdiq edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, strategiyanın icrası ilə bağlı uşaq hüquqlarını müdafiə edən orqanların fəaliyyətində də müvafiq dəyişiklik oldu. Sədr, həmçinin Uşaqların zərərli informasiyadan qorunması sahəsində hüquqi islahatlar barədə media nümayəndələrinə ətraflı məlumat verib.

Bahar Muradova “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planının icrasına 19 dövlət qurumunun cəlb olunduğunu və ümumilikdə yeddi istiqamət üzrə 32 tədbirin həyata keçirildiyini bildirib. O, yeddi əsas istiqamət üzrə görülən işlər nəticəsində 6 qanuna və 5 fərmana dəyişiklik edildiyini və bu prosesdə komitənin mühüm rol oynadığını qeyd edib. Bahar Muradova diqqətə çatdırıb ki,  qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində mühüm yeniliklər əldə olunub– “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun əhatə dairəsi genişləndirilib, “yaxın qohumlar” anlayışı isə dəqiq müəyyən edilib.

B.Muradova, yetkinlik yaşına çatmayanların evliliyinin və bu məqsədlə keçirilən mərasimlərin qarşısının alınması məqsədilə qanunvericiliyə dəyişikliklər edildiyini,  belə hallara görə inzibati və cinayət məsuliyyəti müəyyən olunduğunu vurğulayıb. Eyni zamanda, qohum nikahlarının qarşısının alınması məqsədilə Ailə Məcəlləsinə edilən dəyişiklikdən söz açaraq bildirib ki, bu sağlam ailə institutunun formalaşmasına və gələcək nəsillərin rifahının qorunmasına xidmət edir.

Daha sonra erkən nikah və məişət zorakılığı hallarının qarşısının alınması, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) çərçivəsində gələcək fəaliyyət, qarşıdakı dövrdə qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində qəbul ediləcək sənədlər, qızların təhsili ilə bağlı layihələr, gender bərabərliyi, qanunvericiliyə edilmiş son dəyişiklər və digər aktual mövzular üzrə media nümayəndələri tərəfindən ünvanlanan suallar komitə sədri tərəfindən cavablandırılıb.

Zərifə HüseynovaXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
xalqqazeti.az

3Mənbələr