AZ

Zenfira Mustafayeva: “Zəfər Günü – şəhidlərimizə ehtiramın və xalqımızın birliyinin simvoludur”

8 Noyabr - bu gün Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramın, xalqın bir yumruq kimi birləşməsinin və müstəqilliyimizin əbədiliyinin simvoludur.

Bu gün münasibətilə Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu Qarabağ müharibəsindəki qələbəmizi təmin edən mühüm amillərdən oldu:

"Hər il noyabrın 8-i xalqımızın Zəfər Günü kimi qeyd olunması şəhidlərimizin ruhuna böyük ehtiram ifadəsidir. Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, xalqımızın igid oğullarının qəhrəmanlığı nəticəsində biz torpaqlarımızın azad olunması sevincini yaşayırıq. QHT Agentliyinin təşəbbüsü ilə azad olunmuş torpaqları ilk dəfə ziyarət etdikdə, viran qalmış şəhər və kəndlərimizi gördükdə göz yaşlarımızı saxlaya bilmirdik. Erməni vəhşiliyinə hətta illərin köklü ağacları da dözməyib, başlarını əymişdilər. Torpaqlarımızın hər qarışında canları, qanları bahasına azadlıq qazandıran igidlərimizin izi görünürdü. Son səfərimizdə gördüklərimiz bizi o qədər qürurlandırdı ki, sevincimizi bir-birimizlə bölüşürdük. Çox qısa zamanda müasir şəhərlər və kəndlər salınmışdır. İnsanlar gözəl evlərdə yaşayır, müasir məktəblərdə təhsil alırlar. Dedikcə təəssüratlarımız bitmək bilmir".

QHT sədri həmçinin bildirib ki, arzum, gənclərimizi və məktəblilərimizi Qarabağa səyahətə aparmaq, onları bölgənin keçmiş və indiki vəziyyəti ilə tanış etməkdir:

"Vətənimiz çox keşməkeşli yollardan keçib. Çünki ən gözəl ölkə bizimdir. Düşmənlərin gözü həmişə bu torpaqlarda olub. Onu qoruyaq, sevək və müasirləşdirək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun. Onların arzuları artıq həyata keçib".

 

Pərvanə Fərhadqızı

Seçilən
19
qht.az

1Mənbələr