AZ

BMT-nin Doha sammitində qlobal yoxsulluq səviyyəsinin azaldılması müzakirə olunur

Bakı, 5 noyabr, AZƏRTAC

Qətərin paytaxtı Dohadakı Konqres Mərkəzində müxtəlif ölkələrin dövlət və hökumət başçıları, müvafiq nazirliklərin rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə BMT-nin İkinci Qlobal Sosial İnkişaf Sammitində əsas müzakirə mövzusu qlobal yoxsulluq səviyyəsinin azaldılmasıdır.

AZƏRTAC rəsmi QNA informasiya agentliyinə istinadla xəbər verir ki, sammitdə çıxış edən BMT Baş Assambleyasının prezidenti Annalena Berbok liderləri sosial inkişaf istiqamətində son məsafəni qət etməyə çağırıb və xəbərdarlıq edib ki, yoxsulluğa son qoymaq üçün təkcə iqtisadi artım kifayət deyil. O, iqlim dəyişikliyini sosial inkişafa ən böyük maneə adlandırıb və borcların azaldılması, daha ədalətli ticarət, geniş texnologiyaya çıxış və qadınların cəmiyyət həyatında tam iştirakını zəruri amillər kimi xarakterizə edib.

Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Tani sosial inkişafın ən mühüm vəzifə olduğunu bildirib. O, imkanların genişləndirilməsi üçün milli səylərin və yoxsulluğun azaldılmasında beynəlxalq dəstəyin əhəmiyyətini vurğulayıb. Qətər Əmiri sülh və sabitliyin də sosial tərəqqi üçün vacib şərtlər olduğunu bildirib.

ECOSOC-un prezidenti Lok Bahadur Thapa qeyd edib ki, 800 milyondan çox insan hələ də həddindən artıq yoxsulluq içində yaşayır və hətta kiçik şoklar - xəstəlik, iş yerinin itirilməsi və ya iqlim fəlakətləri milyonlarla insanı çətinliklərə sürükləyə bilər.

Monteneqro və Qırğızıstan liderlərinin sədrliyi və BƏT-in baş direktoru Gilbert Houngbonun moderatoru olduğu “Sosial inkişafın üç sütununun gücləndirilməsi” adlı panel iclasında öhdəliklərin həyata keçirilməsi də müzakirə olunub.

Qeyd olunub ki, Doha bəyannaməsi ortaq bir plan müəyyən edir; liderlər vədlərdən insanların rifahını yaxşılaşdıran siyasətlərə keçid etməlidirlər.

Seçilən
19
1
azertag.az

2Mənbələr