AZ

AMEA kürsüsündən hədəf çağırışları...

Azərbaycan elminin strateji yol xəritəsi 

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən  Prezident İlham Əliyev elmin iqtisadi inkişafda mühüm roluna diqqət çəkərək müasir çağırışlar fonunda Akademiyanın və elm ictimaiyyətinin qarşısında duran vəzifələri, alimlərin milli prioritetlərə uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirdi.

Dövlət başçısının elan etdiyi mühüm hədəf prioritetləri Azərbaycan elminin strateji yol xəritəsi hesab edilə bilər.

AMEA qarşısında yeni üfüqlər açılıb, sağlam yaradıcılıq mühiti və əsil elmi rəqabət meydanı yaranıb. Alimlərin bu əlverişli fürsətdən daha səmərəli istifadə edərək sanballı elmi tədqiqatlar aparması, iqtisadiyyatla vəhdət təşkil edən yeni elmi kəşflərə imza atması, elmtutumlu iqtisadiyyata daha çox töhfə vermələri günün tələbidir.

Enerji gəlirləri insan kapitalına yatırılır

Azərbaycan qısa müddətdə regionun qüdrətli və dinamik inkişaf edən dövlətinə çevrilib. Bu inkişafın təməlində təbii sərvətlərdən səmərəli istifadəyə əsaslanan iqtisadi islahatlar, infrastrukturların modernləşdirilməsi, insan kapitalına yatırımlar mühüm yer tutur. Dövlət başçısının təşəbbüsü ilə yüksək texnologiyalar, kosmik sənaye, informasiya-kommunikasiya texnologiyaları sahələrində xüsusi proqramlar icra olunur, Azərbaycan öz süni peykini orbitə çıxararaq qlobal kosmik fəzada öz layiqli imzasını təsdiq edib və “Azərkosmos” hazırda texnoloji transformasiyaya öz töhfəsini verir. Habelə ölkəmizdə innovasiya və startap ekosistemi formalaşdırılıb, süni zəka arxitekturası qurulub və dünyanın iri intellekt icması ilə sıx mübadilələr qurulur. Bütün bunlar yeni iqtisadi reallıqlar dövründə elmi sektorun üzərinə mühüm vəzifələr qoyur, sürətli transformasiya və texnoloji intibah əsrinə daha hazırlıqlı olmalarını tələb edir.

Mühüm dövlət proqramları, qanunla təsdiqlənib, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi və digər əhəmiyyətli proqramlar təsdiq edilib. Həmin proqramlarda qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğuna nail olmaq üçün iqtisadi inkişafın ortamüddətli və uzunmüddətli “hərəkətverici qüvvələri”nin - insan kapitalının müasirləşdirilməsi, rəqəmsal iqtisadiyyatın genişləndirilməsi və iqtisadi suverenliyin tam təmin olunması kimi ali hədəflər müəyyənləşdirilib.

Bütün bu sadalanan hədəf çağırışları elmi ictimaiyyəti texnoloji inqilaba, yeni industrial cəmiyyət quruculuğuna inteqrasiyada ön planda olmasını labüdləşdirir.

Akademiyanın maddi-texniki bazası son illər hədsiz dərəcədə möhkəmləndirilib, akademiya şəhərciyində müasir Milli Ensiklopediya binası inşa edilib, innovasiyayönümlü tədqiqat infrastrukturları qurulub, Elm Fondu yaradılıb və elmin inkişafı üçün davamlı qrantlar verilir.

Nəticəyönümlü tədqiqatlar iqtisadiyyatda əlavə dəyəri artırır

Milli elm elitası da dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişiklikləri yaxından izləyir. Texnoloji fraqmentasiyaların ölkələrarası rəqabəti daha da artırdığını, perspektiv həyatın dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və insan iştirakı olmadan ən müasir sahələrin sürətli inkişafı ilə səciyyəvi olacağını anlayır. Ona görə də dövlət başçısının qarşıya qoyduğu elmi tezislər gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılmasında AMEA-nın masaüstü gündəliyinə çevrilməlidir.

XXI əsrin tələblərinə uyğun elm və təhsil, yaradıcı və innovativ cəmiyyət, rəqəmsal ekosistem quruculuğunda alimlər müvafiq təşviqlərlə çıxış etməli, inkubasiya və akselerasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı platformasının mühüm tərkib hissəsi olmalıdır. Onların yaratdığı elmi tədqiqlər və kəşflər sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşmaqla Azərbaycanın milli texnoloji ixrac məkanına çevrilməsini möhkəmləndirə bilər. Nəticəyönümlü elmi tədqiqatların təşviqi həm də rəqabətli maliyyələşdirmə mexanizmləri formalaşdırmaqla, elmtutumlu iqtisadiyyatın yaratdığı əlavə dəyəri də artırmaq gücündədir.

Süni intellekt və texnoloji inqilab müasir elmi yanaşmalar tələb edir

Bu gün qlobal mühitdə rəqabətin yeni siması - süni intellekt mübarizəsi dərinləşir. Bir çox ölkənin iqtisadi dəyər zəncirində süni texnologiyalar və rəqəmsal xidmətlər əsas yer tutur. On il əvvəl bu sahə barədə heç kim danışmırdısa, indi inkişaf etmiş cəmiyyətlərin hərəkətverici bazisi süni zəka sektorudur. Çox təəssüf ki, ölkəmizdə özəl sektor və elmi icma əsas aparıcı xəttin - “mainstream”in arxasınca gedir. Prezident də bunu anlatmağa çalışır, Azərbaycanın biznes və elm nəslinin süni intellekt, texnoloji inkişaf əsrindən geri qalmamasını tövsiyə edir.

Habelə müasir dünyada uğurun açarlarından biri də rəqəmsallaşmadır. Ölkəmizdə də bu sahədə zəruri infrastrukturlar qurulub. Startaplar, bulud provayderləri ekosistemi formalaşıb, “Elektron hökumət” ehtiyatları cəmiyyətin bütün seqmentlərində tam təmin olunub, “Rəqəmsal dövlət” konsepti üzrə ən son həllərin tətbiqi işləri aparılır. Ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması məqsədilə ən qabaqcıl rəqəmsal şirkətlərlə təcrübə mübadilələri həyata keçirilir, rəqəmsal sənayeyə sərmayələr yatırılır. “Rəqəmsal iqtisadiyyat”a töhfə verəcək elmi inteqrasiyanın keçidi prosesi isə tam qənaətbəxş deyil.

Habelə kibertəhlükəsizliklə bağlı ölkəmizdə güclü arxitektura qurulub, Kibertəhlükəsizlik Mərkəzinin yaradılması bu sahədə uzaqgörən qərarın nəticəsidir. Beynəlxalq tərəfdaşlarla, bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində fəal əməkdaşlıq kibertəhlükəsizlik immunitetini möhkəmləndirir. Ancaq bu prosesdə də elmi yanaşmalar, baxışlar yetərli deyil.

Tarixi Zəfərlə regionda yeni reallıqların müəllifinə çevrilən Azərbaycan postmünaqişə dövrünün bərpa və inkişaf yolunda irəliləməklə iqtisadiyyatın yeni strateji kursunu və rəqəmsal trendlərini də müəyyənləşdirir. Dövlət və iqtisadi qurumların qarşısında işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, təbii sərvətlərinin araşdırılması, ekoloji durumunun monitorinqi, iqtisadi resursların və təbii sərvətlərin dəyərləndirilməsi kimi konkret vəzifələr durur. Konseptioloji ssenarilər hazırlanır, azad ərazilərin geoloji-iqtisadi tədqiqatı üçün alimlər də bu prosesin mərkəzində olmaqla daha dəqiq və səmərəverici elmi-iqtisadi layihələr hazırlamalı, xarici biznes ailəsinə təqdim etməlidir. Bu layihələrin hər biri böyük kapital və sərmayə cəlb edəcək investisiya açarı deməkdir. Nəticədə 20 faizlik coğrafi resurs bölgəsində iqtisadi dəyərin elmtutumlu bazası formalaşmaqla Azərbaycanın iqtisadi-maliyyə qüdrətinin güclənməsi üçün dayanıqlı sütunlar formalaşmış olur.  

Elmin praktik nəticələri olmalıdır

Həmçinin, Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və artıq uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Pilotsuz uçuş aparatları və digər hərbi texnologiya ilə Azərbaycan qlobal hərbi sektorda öncül yerlərə sahibdir və daha güclü ixrac sütunları yaratmaq niyyətindədir. Bu prosesdə dövlət və özəl sektor arasında işbirliyinin faydası da mühüm əhəmiyyət kəsb edir, faydaları artır. Hərbi elmin və kəşflərin bu sahəyə inteqrasiyası isə Azərbaycan müdafiə sektoruna daha böyük faydalar vermiş olardı.

Bütün bu qeyd edilənlərin fonunda yekun qənaət ondan ibarətdir ki, AMEA milli strateji düşüncənin, elmi innovasiyaların və qlobal elmi inteqrasiyanın mərkəzi olduğundan dövlətin inkişaf hədəflərinin lokomotivinə çevrilməlidir.

Beləliklə, Cənab Prezidentin də gözləntiləri budur ki, alimlər elmi-texnoloji tərəqqinin sürəti ilə ayaqlaşmalıdır, elmi tədqiqatlar yalnız akademik məqsədlər üçün deyil, iqtisadiyyatın tərəqqisinə və cəmiyyətin rifahına yönəlmiş praktiki vasitələr kimi çıxış etməlidir. Dövlət- biznes-elmi institutlaşma vəhdəti güclənməlidir. Elmin praktik nəticələri olmalıdır, iqtisadiyyatın sürətli inkişafına uyğun əlaqələndirmə, uzlaşma daha yüksək səviyyəyə çatmalıdır.

ELBRUS CƏFƏRLİ

Seçilən
23
1
yeniazerbaycan.com

2Mənbələr