AZ

Sayalı Sadıqova: “Dilin öz sözü varsa, bu dildə yad kəlmələrin – alınma sözlərin işlənməsi bağışlanmaz haldır”

“Cənab Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyindəki çıxışında Azərbaycan dilinin qorunub-saxlanmasının təmin edilməsini əsas məsələlərdən biri kimi vurğuladı. Azərbaycan ədəbi dili Azərbaycan tarixini özündə əks etdirən dildir. Dilimizin zənginliyi, qədimliyi onun ədəbi dilində öz əksini tapır. Buna görə də ədəbi dili daha çox dilin daxili inkişaf qanunları əsasında təkmilləşdirmək lazımdır. Müasir dövrdə yazıçıların əsərlərində, eləcə də mətbuatda ədəbi dil qorunur, lakin təəssüflə qeyd etmək istəyirəm ki, bəzi hallarda yad kəlmələrdən, yəni alınma sözlərdən istifadə olunur. Qloballaşma şəraitində dilin qorunması və onun inkişafının təmin edilməsi üçün birinci növbədə alınma sözlərin qarşılığı Azərbaycan dilində yaradılmalı, istifadəyə verilməlidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

 

O bildirib ki, dildə söz yaradıcılığı prosesi birinci növbədə dilin daxili imkanları hesabına olmalıdır: “Əgər dilin öz sözü varsa, bu dildə yad kəlmələrin – alınma sözlərin işlənməsi bağışlanmaz haldır. Cənab Prezident İlham Əliyev öz çıxışında beynəlxalq leksikaya da toxundu. Əsas məsələ dünyanın bir çox dillərində bir anlayışın bir neçə terminlə ifadə olunması, bir çox dillərdə işlənməsi məsələsidir. Hər bir dilin daxili imkanları hesabına onu yaratmaq mümkündürsə, beynəlxalq analyışlardan da istifadəsindən mümkün qədər qaçılmalıdır. Bu baxımdan dilin qorunması, saflığının təmin edilməsi bütün zamanlarda yerinə yetirilən əsas problemlərdən biridir. Müasir dövrdə buna daha çox önəm verilməlidir. Çünki qloballaşma şəraitində bir çox iri dillər kiçik dilləri öz təsiri altına salır. Hazırda dilimizə ingilis dilindən daha çox sözlər daxil olur. Onların qarşılığı yaradılmalı, həm ədəbi əsərlərdə, həm mətbuatda, həm gündəlik həyatımızda geniş istifadə olunmalıdır. Məişət üslubunda da hazırda Azərbaycan dilinin öz sözləri ola-ola, daha çox alınmalardan istifadə edilir. Bu isə nitq normalarının və ədəbi dilin normalarının pozulması deməkdir. Bütün bunların qarşısı alınmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 5 Noyabr 2025, 09:23   
Seçilən
50
pravda.az

1Mənbələr