AZ

İcbari tibbi sığorta ilə bağlı YENİLİKLƏR – Kimlər 192 manat ödəyəcək? – DETALLAR

Xəbər verdiyimiz kimi, 2026-cı ilin Dövlət Büdcəsi layihəsi parlamentə təqdim edilib. Yeni büdcə layihəsində diqqətçəkən məqamlardan biri növbəti ildən rəsmi iş yeri olmayan şəxslərin İcbari Tibbi Sığortanın imkanlarından istifadə edə bilməsidir.

Bununla bağlı müxtəlif fikirlər səslənir. Ona görə də məsələyə tam aydınlıq gətirmək üçün Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli ilə həmsöhbət olduq.

Bizim.Media həmin müsahibəni təqdim edir:

- Müşfiq müəllim, İTSF-nın vəsaiti hansı mənbələr hesabına formalaşır?

- İcbari Tibbi Sığorta Fondunun vəsaiti bir neçə mənbə hesabına formalaşır. Bu mənbələrə spirtli içkilərdən, sürtgü yağlarından tutulan aksiz vergilər, icbari tibbi sığorta haqlarının gecikdirilməsindən və yaxud müxtəlif qanun pozuntularına görə yazılmış cərimələr daxildir. Əsas mənbələr isə əmək müqaviləsi ilə fəaliyyət göstərən işçilərdən tutulan icbari tibbi sığorta haqları və işçilərə görə təşkilat və müəssisələrdən tutulan vəsaitlərdir. Təbii ki, İTSF-ə ən çox maliyyə yardımı Dövlət Büdcəsindən edilir.

- Kimlərin icbari tibbi sığrota haqqı dövlət tərəfindən ödənilir?

- Əhalinin əksər təbəqəsinin icbari tibbi sığorta haqqı dövlət tərəfindən ödənilir. Bura bütün pensiya yaşlı insanlar, 18 yaşa qədər uşaqlar, 23 yaşa qədər ali təhsil alan gənclər, sağlamlıq imkanları məhdud olan şəxslər və işsiz şəxslər daxildir. Hazırda bu kateqoriyadan olan heç bir şəxs icbari tibbi sığorta haqqı ödəmir. Onların əvəzinə dövlət ödəniş edir. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsindən 900 milyon manat vəsait ayrılıb.

- Bəs növbəti 2026-cı il üçün proqnozlar necədir?

- Çox təəssüf ki, bu barədə manipulyasiya xarakterli məlumatlar yayılıb. Guya ki, 2026-cı ildə əvvəlki illə müqayisədə dövlət büdcəsindən İTSF-na 514 milyon manat daha az vəsait ayrılacaq. Bu fikirlərin əsası yoxdur. Çünki dövlət büdcəsi hələ qəbul olunmayıb. Digər tərəfdən istər səhiyyə xərcləri, istərsə də İTSF-na dövlət büdcəsindən ayrılacaq vəsaitlərin həcmi azaldılmayıb. Çünki İTSF-də 600 milyon manata yaxın sərbəst vəsait var. Bu əvvəlki illərdən qalan əlavə vəsaitlərdir. Həmin vəsaitlər növbəti ildə İTSF-nin xərclərinə yönəldiləcək. Bu da onu sübut edir ki, İTSF-a ayrılan vəsaitin həcmi azalmayıb, sadəcə maliyyələşmənin mənbəyi dəyişib. Beləliklə əvvəlki illərdən qalmış sərbəst vəsait növbəti il üçün İTSF-nin xərcləri üçün nəzərtə tutulub.

- Bu gün əsas müzakirə mövzusu odur ki, növbəti ildən rəsmi iş yeri olmayan vətəndaşlar da icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bunu necə izah edərdiniz?

- Bilirsiniz ki, bu ədalətli bir yanaşma formasıdır. İcbari tibbi sığortanın fəlsəfəsi ondan ibarətdir ki, çalışan insanlar Fondun vəsaitinin formalaşmasında həmrəylik nümayiş etdirsinlər. Hər kəs bu Fonda qazancından müəyyən bir pay versin. Amma reallıq ondan ibarətdir ki, bu gün çox sayda insanlar var ki, gündəlik çalışırlar, amma VEÖN-ləri yoxdur. Onlar nə vergi, nə də digər zəruri ödənişləri etmirlər.

Yeni ildən bu cür insanlar İTSF-yə il ərzində təxminən 192 manat vəsait ödəyəcəklər. Bu da həm sosial ədalətin bərpasına, həm də iqtisadiyyatın ağardılmasına xidmət edəcək. Bununla belə, işləməyən və sosial müdafiəyə ehtiyacı olan insanlar dövlət tərəfindən kifayət qədər sosial sığorta çətiri altında saxlanılacaq.

- Şəkərli diabet və digər xəstəliklər var ki, onların müayinəsi və müalicəsi dövlət hesabına aparılır. Bilmək istərdik ki, növbəti ildən bu xəstələr icbari tibbi sığotadan istifadə edə biləcəklərmi? Məsələn şəkər xəstəsi  gözünə və yaxud kor bağırsağına görə müayinə və müalicə alarkən pul ödəyəcək, ya yox?

- Məsələ belədir. Bu vaxtadək müəyyən xroniki xəstəliyi olan insanlar icbari tibbi sığortanın imkanlarından istifadə edirdilər. Eynə zamanda onlar xüsusi dövlət proqramı çərçivəsində müayinə, müalicə alır və hətta dərman preparatları ilə təmin olunurdular. Bundan sonra da şəkərli diabet və digər xroniki xəstəliyi olan insanlar dövlət himayəsi altında olacaqlar və onlar sığorta qaydasında İTSF-nin vəsaiti hesabına müayinə və müalicə olunacaqlar.Yəni bu kateqoriyadan olan insanlar üçün heç bir qayda dəyişiklikləri olmayacaq. Onlar yenə əvvəlki qaydada pulsuz müayinə və müalicə alacaqlar, eləcə də zəruri dərmanla pulsuz təmin olunacaqlar. Bir sözlə, dövlət proqramları çərçivəsində qayğı görən xəstələrimiz bundan sonra da İTSF tərəfindən müayinə və müalicə olunacaqlar.

- Bəs dedikləriniz nə zaman öz hüquqi təsdiqini tapacaq?

- Bilirsiniz ki, 2026-cı ilin Dövlət Büdcəsi artıq Milli Məclisə daxil olub. Ənənəvi olaraq büdcə layihəsi Komitə iclaslarında müzakirə ediləcək. Bundan sonra layihə Milli Məclisin plenar iclasına çıxarılacaq. Həmin iclasda yeni büdcə hökumət üzvləri ilə deputatlar tərəfindən birgə müzakirə ediləcək. Təkliflərin də nəzərə alındığı yeni büdcə layihəsi Milli Məclisdə qəbul olunduqdan sonra təsdiq üçün Respublika Prezidentinə təqdim ediləcək. Bu da o deməkdir ki, sizinlə müzakirə etdiyimiz məsələlər yeni büdcə layihəsi ətrafında olan fikirlərdir.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
28
3
bizim.media

4Mənbələr