AZ

“Kalmaegi” tayfunu Filippində 52 nəfərin həyatına son qoyub

Təbii fəlakət adalara dağıdıcı zərbə vurub, on minlərlə insan evsiz qalıb...

Poliqon xəbər verir ki, “Kalmaegi” adlı güclü tayfun çərşənbə günü Filippin adalarının mərkəzi və cənub hissələrinə çöküb. Associated Press-in məlumatına görə, azı 52 nəfər həlak olub, 13 nəfər isə itkin düşüb. Ölkənin Vətəndaş Müdafiəsi İdarəsi bildirib ki, əsasən Sebu vilayətində baş verən irimiqyaslı daşqınlar bu itkilərə səbəb olub. Qeyd edək ki, həmin ərazi sentyabrın 30-da 79 nəfərin ölümünə səbəb olan güclü zəlzələdən sonra hələ də bərpa mərhələsində idi.

Filippin Qırmızı Xaçının baş katibi Qvendolin Panq qeyd edib ki, təşkilat çoxsaylı yardım zəngləri alıb, insanlar evlərinin damlarında kömək gözləyirmiş. Xilasetmə qrupları isə fəlakət bölgəsinə yalnız suyun səviyyəsi azaldıqdan sonra daxil ola biliblər. Tayfun yaxınlaşmadan öncə 387 mindən çox insan təhlükəsiz zonalara təxliyə olunub.

Bundan əlavə, ölkənin cənubundakı Aqusan-del-Sur vilayətində Filippin Hərbi Hava Qüvvələrinə məxsus humanitar yardım aparan helikopter qəzaya uğrayıb, nəticədə altı nəfər həlak olub.

Səhər saatlarında “Kalmaegi” tayfunu Qərbi Filippin arxipelaqına daxil olan Palavan vilayətinin sahillərində qeydə alınıb. Küləyin sürəti 120 km/saat, qasırğanın maksimal gücü isə 150 km/saatadək çatıb. Meteoroloqlar bildiriblər ki, tayfunun istiqaməti cənuba doğru dəyişməkdədir.

Poliqon.info

Seçilən
50
poliqon.info

1Mənbələr