AZ

Yeməklərinizə 1 qaşıq qatın - Soyuqdəymədən qoruyur: Tərkibində 3 vacib vitamin var

Yeməklərə dad və ətir qatan ədviyyatlar eyni zamanda tərkibindəki vitamin və minerallarla da sağlamlıq baxımından önəmlidir.

Milli.Az xəbər verir ki, qədimdən bəri süfrələrdə yer alan kəklikotu güclü təsirləri ilə alimlərin diqqətini çəkib. Yeni araşdırmalar bu ədviyyatın orqanizm üçün gözləniləndən daha çox fayda verdiyini göstərir.

Vaşinqtonda yerləşən Akreditə edilmiş Natüropatik Tibb Fakültələri Birliyinin məlumatına görə kəklikotunda olan qida maddələri bədəni xəstəliklərə qarşı daha dözümlü edir.

Kəklikotu A vitamini ilə görməni gücləndirir, B qrupu vitaminləri sayəsində stresslə mübarizəyə kömək edir. C vitamini ilə zəngin olması isə hüceyrələri infeksiyalardan qoruyaraq immun sistemini möhkəmləndirir.

Bu bitki təkcə vitaminlərlə deyil, həm də dəmir, manqan, kalsium və maqnezium kimi minerallarla zəngindir. Bu elementlər sümüklərin sağlam qalmasına və qan dövranının normal fəaliyyətinə dəstək verir.

Mütəxəssislər bildirirlər ki, davamlı kəklikotu istifadəsi bədənin müdafiə mexanizmini gücləndirərək soyuqdəymə, qrip və mövsümi xəstəliklərə qarşı təbii qoruma yaradır.

Cleveland Clinic tərəfindən yayımlanan məlumatlarda kəklikotunun tərkibində olan flavon adlı bitki mənşəli maddələrin bədəndə iltihabı azaltdığı və bunun da xərçəng riskini aşağı sala biləcəyi qeyd olunur.

Tədqiqatlar göstərir ki, xroniki iltihab yalnız xərçənglə deyil, həm də ürək, bağırsaq, sinir sistemi və autoimmun xəstəliklərlə əlaqəlidir.

Kəklikotu təkcə ədviyyat kimi deyil, həm də yağ formasında şəfa mənbəyi sayılır. Yağı "timol" adlı güclü birləşmə ehtiva edir.

Qədim Misirdə kəklikotundan mumiyalama zamanı istifadə olunurdu. Onun qoruyucu və təmizləyici xüsusiyyətləri sayəsində min illərdir həm tibbdə, həm də mətbəxdə öz yerini qoruyub.

Bu gün kəklikotu salatlardan ət yeməklərinə, çaylardan evdə hazırlanan souslara qədər geniş istifadə olunur. Mütəxəssislər bildirirlər ki, bir fincan kəklikotu çayı belə boğaz ağrısı və soyuqdəymə zamanı bədəni rahatlaşdırmağa kömək edə bilər.

İsmayıl
Milli.Az

Seçilən
73
2
milli.az

3Mənbələr