Yaponiyanın ilk qadın Baş naziri Sanae Takaiçinin əlində tez-tez görünən dəri çanta sosial mediada trend mövzusuna çevrilib. Baş nazirin iqamətgahına gedərkən kameralara düşən həmin çanta qısa zamanda internet istifadəçilərinin diqqətini çəkib.
KONKRET.az Sfera.az-a istinadən xəbər verir ki, çantanın 145 illik tarixə malik Yapon markası “Hamano Inc.” tərəfindən istehsal edildiyi məlum olub. Brendin satışları Takaiçinin paylaşım və görüntülərindən sonra sürətlə artıb, nəticədə “Hamano” qısa zamanda ölkədə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Naqanoda yerləşən “Hamano” 1880-ci illərdən bəri Yaponiyanın ən tanınmış dəri məmulatı istehsalçılarından biri kimi tanınır. Şirkətin ən məşhur modellərindən biri olan “Grace Delight Tote” tamamilə dəridən hazırlanır, lakin cəmi 700 qram çəkidədir. “Zəriflik və funksionallıq arasında balans” şüarı ilə təqdim olunan bu modelin qiyməti 136.000 yen (təxminən 37.000 türk lirəsi) təşkil edir
Çantanın şəkilləri sosial şəbəkələrdə yayıldıqdan sonra “Hamano”nun veb-saytı minlərlə yeni sifariş alıb. Şirkət rəsmiləri tələbatın gözlənilmədən artdığını və buna görə də bəzi sifarişlərin gecikə biləcəyini açıqlayıb.
Moda və mədəniyyət üzrə ekspert, Aoyama Gakuin Universitetinin professoru Kaori Nakano bildirir ki, Takaiçinin bu çantaya üstünlük verməsi təsadüfi deyil. O, Baş nazirin tez-tez Yapon dizayneri Jun Aşidanın geyimlərini və yerli brendləri seçdiyini vurğulayıb.
Sanae Takaiçinin seçimi qadın siyasətçilərin modadakı təsirini yenidən gündəmə gətirib. ABŞ Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Kortezin 2020-ci ildə “Telfar” markalı çantası ilə yaratdığı qlobal trend kimi, Takaiçinin “Hamano” çantası da Yaponiyada oxşar təsir doğurub.
64 yaşında olmasına baxmayaraq, Sanae Takaiçi gənc nəsillər arasında olduqca populyardır. Sorğular göstərir ki, xüsusilə gənc qadınlar onun sadə, lakin güclü imicini ilhamverici hesab edirlər. “Hamano” çantası isə bu imicin ayrılmaz hissəsinə çevrilib.