AZ

Ailə, qadın və uşaq məsələləri media müstəvisində

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

AQUPDK-nin sədri Bahar Muradova çıxış edərək bildirib ki, bu ilin əvvəlində ölkə daxilində və xaricində Azərbaycan mətbuatının tarixi əhəmiyyəti, onun Şərq və İslam dünyasının ən qabaqcıl ideyalarına müəlliflik etmiş bir ənənənin davamı kimi formalaşması, eləcə də ötən dövr ərzində əldə etdiyi nailiyyətlər xüsusi vurğulanıb. “Mətbuat cəmiyyətin aynasıdır”–deyən komitə sədri vurğulayıb ki, media cəmiyyətin problemlərini görən, onları qeydə alan, şərh edən, qiymətləndirən və gələcək perspektivlər barədə fikir bildirən bir gücdür. O əlavə edib ki, mətbuat təkcə yazılmış əsərləri oxuyanlar və yazanlardan ibarət deyil, bütöv cəmiyyətin həyatını özündə əks etdirən bir sferadır.

Bahar Muradova qeyd edib ki, elə bir hadisə yoxdur ki, o, cəmiyyətin, insanın və ya dövlətin həyatında baş versin, amma mətbuatın güzgüsündə əks olunmasın. Məhz buna görə bu güzgü həmişə saf və aydın olmalıdır. Mətbuat cəmiyyət həyatını olduğu kimi göstərməklə yanaşı, nə vaxt və necə göstərməyin vacibliyini də düşünməlidir. Məhz bu baxımdan Azərbaycan mətbuatının 150 illiyi münasibətilə keçirilən bu toplantı çox böyük mənəvi və ictimai əhəmiyyət daşıyır. O bildirib ki, “qadın və uşaq hüquqlarının mətbuat vasitəsi ilə elmi nəticələr, təhlillər, tədqiqatlar vasitəsi ilə ortaya qoyulması, çıxış yollarının axtarılması, problemlərin həlli üçün səylərin birləşdirilməsi çox vacibdir. Bugünki tədbirdə çıxış edən hər bir natiq və ekspert gələcəyə yönəlik perspektivlər barədə dəyərli fikirlərini bölüşəcəklər”.

Tədbir BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərovun moderatorluğu ilə keçirilən panel sessiya ilə davam edib. O, XXI əsrdə süni intellektin inkişaf meyarları, həmçinin ənənəvi və sosial medianın bir-biri ilə kəsişdiyi nöqtələrdə meydana çıxan problemlər, boşluqlar və inkişaf istiqamətləri barədə danışıb. E. Səfərov vurğulayıb ki, bu gün ailə və dəyərlər anlayışı cəmiyyətin mərkəzində dayanır. Azərbaycan dəyərlərinin əsası ailədən başlayır və məhz bu dəyərlər üzərində cəmiyyətin mənəvi dayaqları formalaşır. O, qeyd edib ki, qadın və uşaq hüquqlarının müdafiəsi, onların sosial və iqtisadi həyatda fəal iştirakının təmin olunması ölkənin davamlı inkişafının vacib şərtlərindəndir. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu medianın milli-mənəvi kimliyin qorunmasında mühüm təsir gücünə malik olduğunu vurğulayaraq, mətbuatın yalnız məlumat ötürmə vasitəsi deyil, həm də dəyərlərin formalaşmasında, sosial məsuliyyətin artırılmasında, milli-mənəvi kimliyin qorunmasında əhəmiyyətli rol oynadığını qeyd edib. O bildirib ki, Azərbaycan cəmiyyətində ailə institutunun möhkəmləndirilməsi, qadınların sosial fəallığının artırılması və uşaqların sağlam mənəvi mühitdə böyüməsi üçün aparılan işlər dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə medianın düzgün və obyektiv fəaliyyət göstərməsi, həm maarifləndirici, həm də təbliğat xarakterli materialların hazırlanması mühüm əhəmiyyət daşıyır. 

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid beynəlxalq və milli müstəvidə media vasitəsilə qadın və uşaqlara dair məsələlərin işıqlandırılmasında jurnalistlərin etik davranış qaydaları haqqında danışıb. O, media nümayəndələrinin maariflənməsi və həssaslığın artırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Eyni zamanda sosial medianın gücünü vurğulayaraq, qeyd edib ki, blogerlər və sosial media fəalları da ənənəvi media nümayəndələri kimi məsuliyyətli olmalı, qadın və uşaqlarla bağlı mövzulara həssas yanaşmalı, məlumat paylaşarkən etik prinsiplərə riayət etməlidirlər. R.Məcid süni intellekt, texnologiya və rəqəmsallaşma dövründə medianın qarşısında yeni çağırışların yarandığını da qeyd edərək, jurnalistlərin müasir texnologiyalardan düzgün şəkildə yararlanmasını vacibliyini vurğulayıb. 

Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru Almaz Mahmud media savadlılığının önəmini vurğulayıb. O, qeyd edib ki, hətta peşəkar jurnalistlər belə bəzən sosial mediada səhvlərə yol verirlər və bu səbəbdən onlayn platformalarda da ənənəvi mediada olduğu kimi etik qaydalara ciddi şəkildə riayət olunmalıdır. Almaz Mahmud bildirib ki, xəbər paylaşarkən empatiya qurmaq, xüsusilə uşaq və qadınlarla bağlı mövzuları işıqlandırarkən məsuliyyətli və həssas yanaşmaq vacibdir. 

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev vurğulayıb ki, dəyərlərimizi qorumaq və yaşatmaq uğrunda mənəvi savaş aparmaq hər birimizin borcudur. Bu prosesdə medianın və media nəzəriyyəçilərinin üzərinə böyük məsuliyyət düşür. Onlar nəzəri və praktiki cəhətdən müasir kommunikasiya alətlərindən düzgün istifadə etməli, informasiya təhlükəsizliyi və media savadlılığının artırılmasına töhfə verməlidirlər. Sosial media, vətəndaş jurnalistikası, informasiya ekosistemi və informasiya müharibəsi kimi anlayışlar hər bir fərdin diqqət mərkəzində olmalıdır. Bizə qarşı aparılan informasiya müharibəsinin görünməyən tərəfinin hədəf taxtasında qadın və uşaqlar durur. Buna görə də, medianın və ictimaiyyətin birgə səyi ilə bu sahədə həssaslıq və məsuliyyət artırılmalıdır.

Davamında Azərbaycanın ilk qadın mətbuatı kimi tarixə yazılan “İşıq” jurnalının baş redaktor müavini, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu tərəfindən “1911–12-ci illərdə nəşr olunan “İşıq” qəzetinin transliterasiya edilmiş toplusu”nun təqdimat mərasimi keçirilib. Bildirilib ki, istər qadının ali dəyəri məsələsində, istər ailə dəyərləri, övlad tərbiyəsi mövzusunda, istərsə tariximizin qadın işığıyla aydınlanan səhifələrindən verdiyi örnəklərlə “İşıq” dünənlə bu gün arasındakı bir körpüyə çevrilib. Bununla paralel olaraq, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihəmiz olan tarixi “İşıq” qəzetini də transliterasiya etməyimizdə məqsəd, Azərbaycan qadınının nə qədər ülvi dəyərlərə sahib olduğunu bir daha göstərməkdir.

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov çıxışında bildirib ki, Fond yarandığı gündən etibarən milli irsimizin, mədəni və tarixi dəyərlərimizin araşdırılması istiqamətində mühüm fəaliyyət göstərir. Fondun əsas məqsədlərindən biri əski əlifba üzrə mütəxəssisləri bir araya gətirməklə bu sahədə tədqiqatları genişləndirmək və milli mətbuat tariximizin zəngin irsini qorumaq, yeni nəsillərə milli mətbuatın başlanğıc mərhələlərini tanıtmaq və maarifçilik ənənələrini yaşatmaqdır.. O, həmçinin vurğulayıb ki, Azərbaycanın ilk uşaq jurnalı olan “Dəbistan”ın transliterasiyası istiqamətində işlər davam etdirilir. 

Daha sonra Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə jurnalistlər arasında elan edilmiş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. 

Bahar Muradova qalibləri təbrik edərək, media nümayəndələrinə fəaliyyətlərində uğurlar arzu edib. 

Zərifə Hüseynova
XQ

Seçilən
69
xalqqazeti.az

1Mənbələr