AZ

“Daha az işləyib, çox qazanmaq mümkün olacaq”

“Azərbaycanda iş saatlarının azaldılması və ya çevik iş qrafikinin tətbiqi əmək bazarında bir sıra müsbət nəticələr doğura bilər”.

KONKRET.az xəbər verir ki, bunu iqtisadçı Azər Bayramlı Demokrat.az-a açıqlamasında deyib.

O deyib ki, bu addım işçilərin fiziki və psixoloji yüklənməsini azaldaraq onların rifah səviyyəsini yüksəldə bilər:

“Daha az, lakin səmərəli işləmə prinsipi işçilərin motivasiyasını artırır və işə qarşı məsuliyyəti gücləndirir. Dünyanın bir çox ölkəsində aparılan təcrübələr göstərir ki, qısaldılmış iş həftəsi məhsuldarlığı azaldan deyil, əksinə artıran faktordur. Azərbaycanda xüsusilə ofis və xidmət sektorlarında bu model real nəticə verə bilər. Çevik iş qrafiki həmçinin Bakıda sıx tıxac problemini azaltmaq üçün effektiv vasitə ola bilər. Əgər işəgötürənlər və dövlət qurumları bu sistemi mərhələli şəkildə tətbiq etsələr, şəhər infrastrukturuna da müsbət təsir göstərə bilər. Belə olduğu halda ailə və iş həyatı balansı daha asan qorunar. Xüsusilə gənc valideynlər və qadın işçilər üçün çevik qrafik sosial adaptasiyanı gücləndirər. Bu, əmək bazarında qadınların iştirak faizini də artıra bilər. Lakin belə sistemin tətbiqi üçün müəssisələrin daxili idarəetmə mədəniyyəti formalaşmalıdır. Həmçinin, dövlət əmək qanunvericiliyində çevik iş formaları üçün dəqiq mexanizmlər yaradılmalıdır. Əgər bu islahatlar real iqtisadi şəraitə uyğun planlaşdırılarsa, həm işçi, həm də işəgötürən üçün qazanclı model formalaşa bilər. İş saatlarının azaldılması Azərbaycanda həm sosial rifahı, həm də iqtisadi səmərəliliyi artıra biləcək strateji addım ola bilər”.

Seçilən
21
1
konkret.az

2Mənbələr