AZ

Dövlət başçımızın çıxışı Azərbaycan elminin sabahlarının istiqamətlərini müəyyənləşdirdi - DEPUTAT



Dövlət müstəqilliyi bərpa olunan Azərbaycanda bütün dövlət təsisatları yaradılmağa başladı, dünyəvi dövlət olmaq etibarilə bütün sahələrin unkişfına, sahələrarası inteqrasiyaya böyük diqqət yetirildi. İqtisadiyyatın dinamik inkişafını şərtləndirən amillərə həm ayrılıqda, həm də vəhdətdə xüsusi münasibət formalaşdı. Bu amillərdən biri də elm, elm sahələri idi və bunları Azərbaycan Milli Elmlər Akademiyası koordinasiya edir...

Azərbaycan Elmlər Akademiyası hələ keçmiş SSRİ dönəmində yaradılmışdı – 1945-ci ildə. O illərdə də, sonralar da, müstəqillik dövründə də Azərbaycan elmi böyük nailiyyətlər əldə etdi, İttifaq miqyasında onlarla böyük elmi kəşflər Azərbaycan elminin, Azərbaycan Elmlər Akademiyasının adı ilə bağlıdır.
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı cəmiyyətin elmlə bağlı bütün sahələrini əhatələdi, müəyyən mənada, proqram mahiyyətiylə tarixləşdi – tarixi çıxış kimi dinlənildi. Azərbaycan Milli Elmlər Akademiyasının böyük yol keçdiyini, Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına xüsusi diqqət yetirdiyini, onun təşəbbüsü ilə yüzlərlə gəncin SSRİ-nin nüfuzlu universitetlərində təhsil almağa, elmi araşdırmalar aparmağa göndərildiyini, son on ildə Azərbaycan elminə ayrılan vəsaitin iki dəfədən çox artdığını, ... diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətinin dövlətçilik Zəfərinin dünyəvi mahiyyətini bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan dövlətin olmadığını, ...bir daha diqqətə çatdırdı : “Mən 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində bax bu salonda alimlər qarşısında çıxış etmişdim və çalışırdım ki, bu 10 il ərzində ölkə qarşısında duran bütün başqa vəzifələrlə yanaşı, elmin inkişafına da öz dəstəyimi göstərim. Bu gün bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Çünki son 10 il ərzində həm dünyada, həm Azərbaycanda köklü dəyişikliklər baş vermişdir. Dünya iqtisadiyyatı tamamilə dəyişmiş, dünyada gedən siyasi proseslər, müharibələr, hərbi toqquşmalar, beynəlxalq hüququn pozulması, mövcud olan qaydaların tamamilə aradan qaldırılması göz önündədir. Azərbaycana gəldikdə, son 10 il bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Bu gün biz bu torpaqlarda qurub-yaradırıq. Biz bir neçə gündən sonra şanlı Zəfərimizin beşinci ildönümünü qeyd edəcəyik. Son beş il ərzində dünyada bir çox yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş verirdi və hər şey müqayisə ilə ölçülür. Bunu da alimlər yaxşı bilir. Deyə bilərəm ki, bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmamışdır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında elmin inkişafını şərtləndirən amillər haqqında da tezislər səsləndirdi, bu tezislər elmi baxımdan əsaslandırılmış, təcrübi baxımdan təsdiqlənmiş gerçəklik kimi tarixləşdi, elmin gələcək istiqamətlərinin işığı oldu. Dövlət başçımız çıxışında “Əgər sərmayə qoyularsa tükənməyən sərvət intellektual potensialdır” formatında dedi: “Artıq hər kəs görür və bilir ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Yəni, təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına yönəldək, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”.
İkinci Qarabağ müharibəsi təsdiqlədi ki, müasir müharibələr başlıca olaraq pilotsuz uçuş aparatları ilə aparılacaqdır. Bu baxımdan dövlət başçısımız çıxışında uçuş aparatlarının istehsalına hazırlaşdığımızı nəzərə çatdırdı: “Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Azərbaycan dilinin təmizliyinin, saflığının qorunmasının zərurətindən də söz açdı. Xatırlatma milli-mənəvi dəyərlərimizə böyük azərbaycançılıq heysiyyətli qayğıdır: “Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı Azərbaycan elminin timsalında Azərbaycan dövlətçiliyinə sədaqətin ifadəsidir. Bu, hər bir azərbaycanlının Azərbaycana sevgisinin kükrəyişi kimi tarixləşəcəkdir...

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı




Seçilən
31
3
aia.az

4Mənbələr