AZ

“Smart təhsil” – gələcəyin auditoriyası süni intellektlə formalaşır | Sevda Sərdarova ilə MÜSAHİBƏ

UNEC-də elmi fəaliyyəti stimullaşdırmaq, elmin cəlbediciliyini artırmaq, yeni ideyaları təşviq etmək, tədqiqatçıların potensialını ortaya çıxarmaq və universitet–sənaye əməkdaşlığını gücləndirmək 3 ildir ki, universitetdaxili qrant müsabiqəsi keçirilir. Bu ilki qaliblərdən biri UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktor müavini, dosent Sevda Sərdarovadır. Onun rəhbərlik etdiyi “Smart təhsil: Maşın öyrənməsinə əsaslanan adaptiv təhsilin təşkili” layihəsi qaliblər sırasına düşüb. Sevda xanımla həm layihə, həm də təhsilin gələcəyi barədə danışdıq. 

– Sevda xanım, sizi təbrik edirik! Layihənizin əsas məqsədi nədən ibarətdir və hədəf auditoriyası kimlərdir?

– Təşəkkür edirəm! Layihəmizin məqsədi tələbələrin fərdi öyrənmə ehtiyaclarını avtomatik müəyyənləşdirən və bu ehtiyaclara uyğun tədris məzmunu təqdim edən adaptiv təhsil sistemi yaratmaqdır. Sadə dillə desək, hər bir tələbəyə “özünə uyğun” tədris yolu təqdim edən bir sistem qururuq. Layihənin hədəf auditoriyasına ali təhsil müəssisələrinin tələbələri, müəllimlər və təhsil proqramı tərtibatçıları daxildir. 

- “Smart təhsil” termini son illər tez-tez səslənir. Sizcə, bu konsepsiyanın əsas mahiyyəti və fərqləndirici xüsusiyyəti nədədir?

– Smart təhsil dedikdə, biz süni intellekt, böyük verilənlər analitikası və maşın öyrənməsi texnologiyalarından istifadə edən bir modeli nəzərdə tuturuq. Bu model tələbənin davranış və nəticələrinə əsasən dərs prosesini dəyişir. Kiminsə öyrənmə tempi yavaşdırsa, sistem onu nəzərə alır, kiminsə marağı fərqlidirsə, onu da uyğunlaşdırır. Beləcə, tədris prosesi həm interaktiv, həm şəxsi, həm də səmərəli olur. Təhsil sistemində ən böyük çətinliklərdən biri fərdiləşmənin az olmasıdır. Hər tələbənin öyrənmə sürəti, idrak qabiliyyəti, motivasiyası fərqlidir. Amma ənənəvi təhsil bu fərqləri nəzərə almır. Biz istəyirik ki, tələbə mərkəzli yanaşma real şəkildə işləsin, yalnız nəzəriyyədə qalmasın. 

– UNEC-də bir neçə ildir ki, adaptiv təhsil təcrübəsi tətbiq olunur. Bu sistem klassik tədrisdən nə ilə fərqlənir və layihə çərçivəsində konkret nələr görüləcək? 

– Bəli, 2020-ci ildən UNEC-də adaptiv təhsil təcrübəsinin tətbiqinə başlanıldı. Bu təhsil fərdiləşdirilmiş tədris proqramı təklif edən, fərdi tyutor effekti verərək öz biliklərinin fərqində olan, təhsildə əldə etdiyi bilik və bacarıqlarla bağlı özünə əmin olan mütəxəssislərin yetişməsinə şərait yaradan təhsil metodudur. İnkişaf etmiş ölkələrdə adaptiv təhsil holdinq və şirkətlərin öz işçilərinin performansını daha da yüksəltmələri üçün geniş  tətbiq olunur. Azərbaycanda da müəssisələr işçilərinin ixtisasının artırılması və yenidən ixtisaslaşması üçün bu sistemin üstünlüklərindən faydalana bilərlər. Ənənəvi model “hamıya eyni dərs” prinsipinə əsaslanır. Adaptiv model isə tələbənin fərdi xüsusiyyətlərinə görə məzmunu dəyişir. Bu, motivasiyanı və nəticələri ciddi şəkildə artırır.

Biz adaptiv təhsil platformasının ilkin versiyasını hazırlayıb, müəyyən qruplarda sınaqdan keçirəcəyik. Müəllimlər üçün də rəqəmsal pedaqogika üzrə təlimlər planlaşdırmışıq və paralel olaraq, sistemdə toplanan təhsil məlumatlarını analiz edib elmi nəticələr çıxaracağıq.

– “Maşın öyrənməsi” burada necə işləyəcək və fərdi tədris planlarını süni intellekt necə quracaq?

– Sistem tələbələrin test nəticələrini, vaxt sərfiyyatını, cavab dinamikasını analiz edir və bu məlumatlar əsasında onların bilik səviyyəsini müəyyənləşdirir. Daha sonra sistem hər bir tələbəyə fərdi tədris məzmunu təklif edir.  Hər tələbə haqqında bir profil yaradılır və bu profil daim yenilənir. Nəticədə hər kəsin fərdi inkişaf trayektoriyası formalaşır. Yəni sistem “öyrənərək öyrədir”.

– Məlumatların təhlükəsizliyi məsələsi də çox vacibdir. Bu necə təmin ediləcək?

– Biz məlumatların qorunmasını beynəlxalq standartlara, o cümlədən GDPR prinsiplərinə uyğun quracağıq. Fərdi məlumatlar şifrələnmiş və anonim şəkildə saxlanacaq, icazəsiz giriş tam istisna ediləcək.

– Layihə Azərbaycan təhsil sisteminə nə gətirəcək?

– Bu, ölkəmizdə süni intellekt əsaslı fərdiləşdirilmiş tədris sisteminin ilk nümunələrindən biri olacaq. Əslində bu, təkcə təhsil keyfiyyətini artırmaq deyil, həm də dövlət səviyyəsində məlumat əsaslı qərarların qəbuluna dəstək vermək deməkdir.

– Layihənin nəticələri müəllim və tələbələrin gündəlik işinə necə təsir göstərə bilər?

– Müəllimlər tələbələrin inkişafını izləmək üçün yeni analitik alətlər əldə edəcəklər. Tələbələr isə öz sürətinə və maraqlarına uyğun dərs materiallarından yararlana biləcəklər. Bu, öyrənməni həm rahat, həm də motivasiyaedici edəcək.

– Layihənin davamlılığını necə təmin edəcəksiniz?

– Platforma açıq kodlu olacaq, yəni digər universitetlər də sistemə qoşula biləcək. Bundan başqa, müəllim və tədqiqatçılar üçün metodik materiallar hazırlanacaq, sistem isə daimi monitorinq

– Sonda, gənc tədqiqatçılara və müəllimlərə nə demək istərdiniz?

– Onlara demək istəyirəm ki, yenilik etməkdən və onların tətbiqindən çəkinməsinlər. Süni intellekt və təhsil texnologiyaları sahəsi çox genişdir. Bu sahədə daim öyrənmək, araşdırmaq və yaradıcı olmaq çox önəmlidir. Ən əsası isə, hər bir ideyanın cəmiyyət üçün fayda gətirə biləcəyinə inanmaq lazımdır.

Seçilən
16
tehsil.biz

1Mənbələr