AZ

Avrasiyada Azərbaycanın yeni statusu - "Qərbin ən Şərq ölkəsi, Şərqin ən Qərbi"...


İtaliyanın RAI telekanalında Azərbaycanla bağlı geniş reportaj yayımlanıb. Kanalın ölkəmizə ezam edilən jurnalisti Barbara Karfanyanın müəllifi olduğu reportajda Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev italiyalı jurnalistə müsahibəsində ölkəmizin Avropa və Asiyanın, Şərqlə Qərbin qovşağında yerləşdiyini deyib:

“Azərbaycan Qərbdən Şərqə uçan quş kimidir və Şərqin ən qərb ölkəsi, Qərbin ən şərqidir. Biz Qara dəniz bölgəsinin bir hissəsi, Avropa qurumlarının üzvüyük və Avropa mədəniyyətini bölüşürük. Eyni zamanda, ölkəmiz Yaxın Şərq və Orta Asiyadan keçən ticarət yolları və ənənəvi logistika qovşaqlarının kəsişməsində yerləşir”.

Jurnalist avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev, ABŞ dövlət başçısı Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşünə dair Birgə Bəyannamənin imzalandığını, eləcə də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflandığını xatırladır. Vurğulanır ki, bununla da Qarabağda 30 illik qanlı müharibəyə son qoyuldu və Donald Tramp bu illər ərzində heç kimin edə bilmədiyini etdi. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsinin Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyi qeyd olunur. Bu ticarət dəhlizinin, eyni zamanda, geosiyasi kontekstdə Xəzər dənizi ətrafındakı bölgənin getdikcə daha mərkəzi mövqeyə, enerji və rəqəmsal marşrutlar üçün vacib haba çevrilməsinə səbəb olacağı, Şərq və Qərb arasında yeni bağlantı yaradacağı bildirilir. Bütün bunlar fonunda rusiyalı siyasi analitik, Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Azərbaycanın nəqliyyat təşəbbüslərinin strateji əhəmiyyəti və Bakının yeni Avrasiya logistika sisteminin formalaşmasındakı rolunun artdığını vurğulayır: “Obyektiv olaraq, Azərbaycanın geosiyasi mövqeyi və onun nəqliyyat-logistika infrastrukturu ölkəni həm Şimal-Cənub dəhlizinin, həm də Şərq-Qərb marşrutlarının fəaliyyətində əsas iştirakçıya çevirir. Regiondan keçən istənilən nəqliyyat xətti əlaqələndirmə və logistika baxımından Azərbaycandan asılıdır. Azərbaycan artıq səmərəli siyasi və iqtisadi inkişaf modelinə malik orta gücə sahib dövlətlər kateqoriyasına daxildir və dünya infrastruktur layihələrinin həyata keçirilməsi ilə bu status daha da yüksələcək. Ərazi bütövlüyünün bərpasından və iqtisadiyyatın gücləndirilməsindən sonra bu proseslər Azərbaycanı dünya iqtisadiyyatının dayanıqlılığının həlledici dərəcədə asılı olduğu ölkələrdən biri kimi rolunu daha da artırır”. Ekspert qeyd edir ki, Şimal-Cənub dəhlizi həm Rusiya, həm də onun ərazisindən keçən bütün ölkələr üçün son dərəcə böyük əhəmiyyətə malikdir: “Rəşt-Astara hissəsinin modernləşdirilməsi Şimal-Cənub marşrutu üzrə fasiləsiz və səmərəli dəmir yolu xəttinin yaradılmasına imkan verəcək. Onun iqtisadi, siyasi və geosiyasi əhəmiyyəti son dərəcə yüksəkdir. Bu layihə regionun bütün ölkələrinə fayda gətirəcək, eyni zamanda, digər marşrutlarla rəqabət yaratmadan və ya onlara zərər vurmadan həyata keçiriləcək. Sanksiya təzyiqlərinə gəldikdə isə istənilən ölkə Qərbin ona qarşı məhdudiyyətlər tətbiq etdiyi vəziyyətlə üzləşə bilər. Buna görə də logistika sahəsində müstəqillik və suverenlik dərəcəsi nə qədər yüksək olarsa, Şimal-Cənub kimi multimodal nəqliyyat dəhlizlərinin bütün iştirakçıları üçün qazanc da bir o qədər çox olacaq”.

Səslənən fikirlər bir daha beynəlxalq müstəvidə Azərbaycanın tranzit əhəmiyyətinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini meydana qoyur. Ölkəmiz həqiqətən də geostrateji mövqeyinə görə Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri hesab olunur. Xəzər dənizinin qərb sahilində yerləşməsi, Asiya ilə Avropanı birləşdirən əsas ticarət və enerji marşrutlarının üzərində dayanması ölkənin tranzit əhəmiyyətini daha da artırır. Son illərdə Azərbaycan hökumətinin həyata keçirdiyi infrastruktur layihələri, beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya və logistika sisteminin modernləşdirilməsi nəticəsində ölkə regionda strateji tranzit qovşağına çevrilmişdir. Azərbaycanın tranzit rolu, ilk növbədə, onun əlverişli coğrafi mövqeyi ilə bağlıdır. Ölkə həm Şərqlə Qərbi, həm də Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat yollarının kəsişməsində yerləşir. Qərbdə Gürcüstan və Türkiyə, şimalda Rusiya, cənubda İran, şərqdə isə Xəzər dənizi ilə sərhədləri olan Azərbaycan həm quru, həm dəniz, həm də hava marşrutları vasitəsilə müxtəlif regionlar arasında əlaqə yaradır. Bu mövqe ölkəyə nəinki regional, həm də qlobal nəqliyyat şəbəkəsində strateji rol qazandırır. Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayaraq beynəlxalq ticarət axınlarının təhlükəsiz və qısa marşrutlarla daşınmasını təmin edir. Azərbaycanın tranzit əhəmiyyətini artıran əsas amillərdən biri beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakıdır. Hazırda ölkə bir neçə əsas dəhlizin ayrılmaz hissəsidir. Bu dəhlizlər vasitəsilə Azərbaycan həm enerji, həm sənaye məhsulları, həm də istehlak mallarının beynəlxalq bazarlara çıxışında mühüm tranzit mərkəzinə çevrilib. Azərbaycanın tranzit əhəmiyyətinin artmasında infrastruktur layihələrinin rolu böyükdür. Ölkədə son illərdə müasir avtomobil yolları, dəmir yolları, limanlar və hava limanları şəbəkəsi yaradılmışdır. Ələt qəsəbəsində inşa olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər regionunun ən iri logistika mərkəzlərindən biridir. Bu liman Orta Dəhlizin əsas halqası kimi fəaliyyət göstərir və illik yükaşırma gücü 15 milyon tona qədər artırılıb. Bundan əlavə, Bakı–Tiflis–Qars dəmir yolunun istismara verilməsi ilə Azərbaycan Qafqazı keçərək Türkiyə vasitəsilə Aralıq dənizinə çıxış əldə edib. Avtomobil yollarının yenilənməsi də tranzit imkanlarını gücləndirib. Bakı–Quba, Bakı–Gəncə, Gəncə–Qazax və Horadiz–Cəbrayıl–Zəngilan avtomagistralları regionlararası daşımaları asanlaşdırır. Eyni zamanda, beynəlxalq hava yük daşımalarında Heydər Əliyev Beynəlxalq Hava Limanı Qafqazın aparıcı logistik qovşağına çevrilib. Azərbaycanın tranzit əhəmiyyətini daha da artıracaq ən mühüm layihələrdən biri Zəngəzur dəhlizidir. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, həm də Türkiyə və ümumilikdə türk dünyası arasında birbaşa quru əlaqəsi yaradacaq. Layihənin reallaşması Orta Dəhlizin səmərəliliyini artıracaq, eyni zamanda Azərbaycanın geoiqtisadi təsir dairəsini genişləndirəcək. Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan gələn yüklər Türkiyə və Avropa istiqamətinə daha qısa yolla daşınacaq ki, bu da Azərbaycan üçün əlavə gəlir mənbələri və strateji üstünlüklər deməkdir.

Ramil QULİYEV

Seçilən
47
baki-xeber.com

1Mənbələr