AZ

Cazibə qüvvəsinə meydan oxuyan körpü (FOTO)

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Yaponiyanın Matsue və Sakaiminato bölgələrini birləşdirən körpü həm böyük gəmilərin təhlükəsiz keçidini təmin edir, həm də memarlıq baxımından mühəndislik möcüzəsi sayılır.

Qaynarinfo xəbər verir ki, "Supercarblondie" nəşrinin yazdığına görə, Eşima Ohashi körpüsü Yaponiyanın ən təsirli mühəndis tikililərindən biridir. 

Körpü Nakaumi gölü üzərindən keçir və hər iki tərəfdəki dik yamacları ilə diqqət çəkir. Lakin bu dizayn yalnız estetik məqsəd daşımır - onun forması altından keçən iri gəmilərin təhlükəsizliyi və üst hissədən nəqliyyatın rahat hərəkəti nəzərə alınaraq hazırlanıb.

Məlumata görə, körpünün Matsue tərəfi 6,1 faiz, digər tərəfi isə 5,1 faiz meyllidir. Adətən nəqliyyat körpülərinin bu meyil dərəcəsi 5 faizdən az olur. Foto və videolar bəzən bu maililiyi daha kəskin göstərsə də, körpünün real meyilləri belə olduqca təsir edicidir.

Körpü Matsue tərəfindən iti şəkildə yüksəlir, daha sonra Sakaiminato istiqamətində kəskin enişlə davam edir və sonrakı hissədə daha yumşaq profil alaraq adi suüstü körpüyə bənzəyir. Eşima Ohashi körpüsünün ümumi uzunluğu 2,2 kilometrdir və nəqliyyat üçün sutkanın 24 saatı açıqdır.

Bu möhtəşəm tikili 2004-cü ildə istifadəyə verilib. Ondan əvvəlki körpü açılıb-bağlanan tipdə idi və gəmilər keçərkən yeddi-səkkiz dəqiqəlik gecikmələr yaradırdı. Yeni layihə bu problemi aradan qaldırmaq üçün inşa edilib.

Tikinti xərcləri 22,8 milyard yen (təxminən 147,8 milyon ABŞ dolları) təşkil edib. Mühəndislərin sözlərinə görə, körpü elə layihələndirilib ki, nə altından keçən gəmilərə, nə də üstündən hərəkət edən avtomobillərə mane olsun.

İstifadəyə verilməsindən 20 ildən çox vaxt keçməsinə baxmayaraq, Eşima Ohashi körpüsü hələ də öz funksiyasını mükəmməl şəkildə yerinə yetirir və hələ də dünyanın ən möhtəşəm körpülərindən biri hesab olunur.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
qaynarinfo.az

1Mənbələr