AZ

Prezident ölkənin inkişafının əsas şərti haqda bu sözləri alimlərə mütləq deməli idi...


Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində səsləndirdiyi fikirlər təkcə elmi ictimaiyyətə deyil, bütün ölkə iqtisadi siyasətinə yönəlmiş strateji mesaj idi.

Prezidentin “hər bir ölkənin inkişafını təbii resurslar yox, cəmiyyətin intellektual potensialı və elmin inkişafı müəyyən edir” fikri Azərbaycanın gələcək inkişaf modelinin ideoloji xəttini açıq şəkildə ortaya qoydu.

Azərbaycan 2000-ci illərdə neft-qaz gəlirlərinə əsaslanan model vasitəsilə sosial rifahını yüksəldib, iri infrastruktur layihələr həyata keçirib və makroiqtisadi sabitliyi təmin edib. Lakin XXI əsrin üçüncü onilliyində bu modelin davamlılığı artıq kifayət deyil. Prezidentin vurğuladığı kimi, təbii resurslar yalnız bir vasitədir - əsas məqsəd həmin resurslardan əldə olunan gəlirləri insan kapitalının, elmin və texnologiyanın inkişafına yönəltməkdir.

Bu yanaşma Azərbaycanın inkişaf fəlsəfəsində dönüş yaradır. İndi əsas prioritet neftdən gələn gəlirləri təhsilə, elmi tədqiqatlara, innovasiyalara və texnoloji modernizasiyaya yönəltməkdir. Məqsəd ölkəni xammal ixracatçısından intellekt ixracatçısına çevirməkdir.

Prezidentin bu çıxışı məhz AMEA-da səsləndirməsi təsadüfi deyil. Çünki elmin və texnologiyanın milli inkişafın mərkəzinə çəkilməsi Azərbaycanın texnoloji suverenliyini təmin edəcək əsas şərtdir.

“Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf strategiyası” sənədində də elmin kommersiyalaşması, innovasiya və tədqiqatların iqtisadi sistemə inteqrasiyası hədəflər kimi müəyyən edilib. Bunun üçün üç əsas istiqamət diqqət mərkəzinə çəkilməlidir:

Birincisi, tədqiqat institutları ilə özəl sektorun əlaqələrinin genişləndirilməsi zəruridir. Alimlər və sahibkarlar arasında əməkdaşlıq mexanizmləri güclənmədikcə, elmi bilik iqtisadi səmərəyə çevrilə bilməz.

İkincisi, innovasiya infrastrukturu, yəni texnoparklar, startap fondları və innovasiya mərkəzləri - daha geniş coğrafiyaya yayılmalıdır.

Üçüncüsü, gənc alimlərin və tədqiqatçıların dövlət dəstəyi proqramları daha məqsədyönlü, çevik və nəticəyönlü olmalıdır.

Hazırda bu istiqamətdə bir sıra mühüm addımlar atılıb, lakin onların sistemli və ardıcıl tətbiqi hələ qarşıda duran vəzifədir.

Təhsil sahəsində STEM fənlərinə (elm, texnologiya, mühəndislik, riyaziyyat) maraq artırılıb, məktəb və universitet proqramlarında müasir texnologiyalara yönəlik dəyişikliklər edilir. Amma bu, təkbaşına kifayət deyil. Universitetlərdə elmi tədqiqat laboratoriyaları yaradılmalı, elmi fəaliyyətlə innovasiya biznesi arasında real körpü qurulmalıdır.

İnnovasiya infrastrukturunda artıq müəyyən baza mövcuddur: “INNOLAND”, “High-Tech Park”, “AzInTelecom” kimi təşəbbüslər fəaliyyət göstərir. Növbəti mərhələdə bu mərkəzlərin regionlara yayılması, texnologiya transfer ofislərinin yaradılması vacibdir.

Kadr siyasətində Prezidentin təşəbbüsü ilə “Gənc alimlər üçün qrant proqramları” və “Elm Fondu” kimi layihələr həyata keçirilir. Amma daha böyük təsir üçün beynəlxalq tədqiqat şəbəkələrinə inteqrasiya və xaricdə təhsil alan gənclərin ölkəyə qayıdışının stimullaşdırılması əsas prioritet olmalıdır.

Dövlət-özəl əməkdaşlığı sahəsində SOCAR, Azərenerji və digər qurumların innovasiyalara müəyyən investisiyaları var. Gələcəkdə dövlət sifarişi ilə elmi layihələrin maliyyələşməsi və texnoloji istehsalın dəstəklənməsi mexanizmləri genişləndirilməlidir.

Azərbaycan üçün bu model həm böyük fürsətlər, həm də ciddi çağırışlar yaradır.

Fırsətlər ondan ibarətdir ki, enerji gəlirləri hələ də stabil olaraq qalır və bu, keçid dövrünü maliyyələşdirməyə imkan verir. Gənc əhali potensialı və təhsil səviyyəsi yüksəkdir. Azərbaycanın coğrafi mövqeyi onu regional elm və texnologiya mərkəzinə çevirmək üçün əlverişli edir.

Çağırışlar isə bunlardır. Bilik iqtisadiyyatına keçid uzunmüddətli və kompleks prosesdir, elm və biznes arasındakı əlaqələrin zəifliyi elmi nəticələrin kommersiyalaşmasını ləngidir və gənc mütəxəssislərin xaricə axını azaldılmasa, insan kapitalının artırılması prosesi zərbə ala bilər.

Prezident İlham Əliyevin “təbii resurslar vasitədir, məqsəd isə insan kapitalıdır” fikri, əslində, Azərbaycanın postneft dövrü üçün iqtisadi və mənəvi yol xəritəsidir.

Bu strategiya həyata keçirildikcə Azərbaycan 2030-2040-cı illərdə bilik, elm və texnologiya əsasında inkişaf edən regional mərkəzə, innovasiya və intellekt ixrac edən modern iqtisadi model nümunəsinə çevrilə bilər.

Beləliklə, Prezidentin AMEA-da səsləndirdiyi fikirlər sadəcə elmi auditoriyaya deyil, ölkənin bütün strateji inkişaf istiqamətlərinə ünvanlanmış bir xəbərdarlıq idi: “Resurslar tükənə bilər, amma bilik, elm və texnologiya bir millətin tükənməz sərvətidir”.

Dəniz NƏSİRLİ

Seçilən
39
baki-xeber.com

1Mənbələr