AZ

Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib - Rufiz Hafizoğlu

BAKI,TurkicWorld, Rakus.az

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

TurkicWorld Rakus.az -a istinadən xəbər verir ki, parıcı Ellada Sarvanın qonağı siyasi şərhçi Rufiz Hafizoğlu olub.

O, dünyada sülhün və sabitliyin yaranmasında Azərbaycanın rolu, qlobal maraqların mərkəzi olan Yaxın Şərqdə baş verən proseslər, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar, Misirdə imzalanan sənədin bölgənin sabitliyinə töhfə verib-verməyəcəyi ilə bağlı danışıb: “Azərbaycanın bütün enerji layihələri regional sabitliyə yönəlib. Yaxın Şərqə kim hökmranlıq edirsə, dünyaya da o, hökmranlıq edir. Şarm Əl-Şeyxdə imzalanan sənəd çox “kövrəkdir”.

Siyasi şərhçi mürəkkəb geosiyasi vəziyyətdə İsrail-Azərbaycan, İsrail-Türkiyə, Azərbaycan-Suriya münasibətləri, Ermənistanla Azərbaycan arasında Sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin açılmasından da söz açıb: “Azərbaycan Türkiyə ilə İsrail arasında vasitəçi rolunu oynaya bilər. Azərbaycan Suriya ilə diplomatik əlaqələr quran ilk qeyri-ərəb ölkəsidir. Bir vaxtlar Azərbaycanın Ermənistanla münasibətlərinin pisləşməsində Suriya hakimiyyəti günahkar idi. Azərbaycan illərdir dezinformasiyanın qurbanı olub. Üçüncü tərəflər müdaxilə etməsə, Azərbaycanla Ermənistan arasında sülh olacaq. Ermənistan artıq heç kimin onun üçün mübarizə aparmayacağını başa düşür”.

R.Hafizoğlu “Türk Dünyası” (TurkicWorld) media platformasının geniş coğrafiyada yaşayan Türk xalqlarının bir-birinə daha da yaxınlaşdırılmasına töhfə verdiyini bildirib, indi prioritet məsələ olan Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdışın baş tutacağını deyib: “Hazırda ermənilər azərbaycanlıların geri qayıtmasına hazır deyillər. Geri qayıtma məsələsi zamanla həll olunacaq. Zəngəzur dəhlizi regionun iqtisadi inkişafına yönəlib”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə noyabrın 4-də saat 18:40-da Youtube kanalında rus dilində yayımlanıb.

Seçilən
29
turkic.world

1Mənbələr