AZ

Şəhid atanın şəhid oğlu - Yusif Cəfərovun HƏYAT YOLU

Bu gün İkinci Qarabağ Müharibəsi şəhidi Yusif Mübariz oğlu Cəfərovun şəhadətindən 5 il ötür.

Bizim.Media xəbər verir ki, Yusif Mübariz oğlu Cəfərov 1996-cı ilin aprelin 22-də Şirvan şəhərində anadan olub.

Atası Mübariz Birinci Qarabağ müharibəsində döyüşərək 1992-ci ildə yaralanıb, uzun müddət müalicələr alsa da, Yusifin 3 yaşında ikən dünyasını dəyişib.

Yusif Gülbəniz xanımın gözünün ağı-qarası yeganə övladı olub. 2002-ci ildə Şirvan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 2017-ci ildə ali təhsilini başa vurub.
 

2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb və 1 il əsgər kimi Vətənə xidməti borcunu ləyaqətlə yerinə yetirib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin çağırışı ilə 2020-ci ildə sentyabrın 30-da cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının işğaldan azad olunması uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. O, Xocavənd döyüşlərində noyabrın 4-də şəhidlik zirvəsinə yüksəlib. Yusif Şirvan Şəhər Şəhidlər Xiyabanında izdihamla torpağa tapşırılıb. 


Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” , 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə” , 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

Seçilən
39
1
bizim.media

2Mənbələr