AZ

ABŞ sanksiyaları Rusiya neftinin ixracını kəskin azaldıb

“Rosneft” və “Lukoil”ə qarşı məhdudiyyətlərdən sonra dəniz nəqliyyatı ilə ixrac 2024-cü ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşüb...

Poliqon xəbər verir ki, ABŞ-ın Rusiyanın əsas neft ixracatçıları olan “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq etdiyi yeni sanksiyalar ölkənin enerji ixracını ciddi şəkildə zəiflədib. Bloomberg Agentliyinin məlumatına görə, Rusiya neftinin dəniz vasitəsilə ixracı 2024-cü ilin yanvarından bəri ən aşağı səviyyəyə enib.

Son dörd həftənin orta göstəricisinə əsasən, 2 noyabr tarixinə olan ixrac həcmi sutkada 3,58 milyon barrel təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 190 min barrel azdır. Əsas alıcı ölkələr — Çin, Hindistan və Türkiyə, yəni Rusiya neftinin 95 faizindən çoxunu idxal edən bazarlar — müvəqqəti olaraq tədarük müqavilələrini dayandırıb və alternativ mənbələr axtarmağa başlayıblar.

Xüsusilə neftin boşaldılması əməliyyatlarında ciddi azalma müşahidə olunur: emalçılar xammalı anbarlara qəbul etməyə tələsmirlər. Bunun nəticəsində dənizdə saxlanılan Rusiya neftinin həcmi 8 faiz artaraq 380 milyon barrelə çatıb.

Bloomberg yazır ki, tədarükdəki bu eniş artıq Rusiyanın büdcə gəlirlərinə də təsir edib – Moskvanın enerji gəlirləri avqustdan bəri ən aşağı səviyyəyə düşüb. Bununla belə, analitiklər vəziyyətin uzunmüddətli olmayacağını düşünürlər: sənaye müşahidəçilərinin fikrincə, “məhdudlaşdırılmış həcmlərin bir hissəsi zamanla yenidən bazara qayıdacaq”.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr