AZ

Müasir dövrdə gənclərin ölkə gəncliyinin inkişafına və mədəniyyətə biganə yanaşmaları



Bu gün cəmiyyətimizin gələcəyi hesab olunan gəncliyin bir hissəsinin ölkə həyatında, xüsusilə də milli mədəniyyətin və mənəvi dəyərlərin qorunmasında passiv davranması narahatlıq doğuran bir tendensiyadır. Müasir informasiya axını və qloballaşma prosesi fonunda bir çox gənclərimizin öz milli kimliyindən uzaqlaşması, mədəni fəaliyyətlərə marağın azalması, sosial şəbəkələrdə “trendlər” arxasınca qaçması kimi hallar müşahidə olunur.

İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyi və İRS GROUP MMC olaraq biz bu məsələyə yalnız tənqidi yox, həm də məsuliyyətli yanaşırıq. Cəmiyyətin əsas dayağı olan gənclərimizin milli-mənəvi dəyərləri dərk etməsi, onların formalaşmasında iştirak etməsi və ölkənin mədəni inkişafına töhfə verməsi bizim gələcəyimizin təminatıdır. Gənclər öz tarixi köklərini, milli musiqisini, ədəbiyyatını, incəsənətini tanımadan müasir dünyada fərqli və güclü bir mövqe qazana bilməzlər.

Məhz buna görə də biz “keçmişini unudan gələcəyini qura bilməz” prinsipini əsas tuturuq. Unutmaq olmaz ki, müasirlik yalnız texnologiyada deyil, düşüncədə və dəyərlərin qorunmasında təzahür edir.

Bu mövzuyla bağlı biz düşünürük ki , təhsil müəssisələrində mədəniyyət və vətənpərvərlik yönümlü layihələrə daha çox yer verilməli, bu layihələrə gənclərin aktiv iştirakı təşviq olunmalıdır. Özəl sektor və ictimai birliklər birgə şəkildə gənclərin yaradıcılıq potensialını üzə çıxaran proqramlar həyata keçirməlidirlər. Mədəniyyətin təbliğində sosial medianın imkanlarından məqsədyönlü və innovativ formada istifadə olunmalıdır.

Nəticə olaraq, gənclərin biganəliyi cəmiyyətin gələcəyinə təsir göstərən amildir. Lakin doğru istiqamət göstərildikdə, onlara inam və dəstək verildikdə, gənclik həm ölkənin inkişafına, həm də milli-mədəni irsin qorunmasına real töhfə verə bilər.

Biz — İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyi və İRS GROUP MMC olaraq hesab edirik ki, bu istiqamətdə hər bir gəncin fəaliyyəti, nə qədər kiçik görünürsə görünsün, gələcəyimizin təməl daşını təşkil edir.

Rəvan Kazımov
İRS Mədəni İnkişafa Dəstək İctimai Birliyinin və İRS GROUP MMC-nin rəhbəri



Seçilən
37
aia.az

1Mənbələr