AZ

İcra hakimiyyətləri ləğv edilir? -

Son günlər icra başçıları ilə bağlı problemli məsələlər gündəmdədir. Hərçənd bir müddət əvvəl icra hakimiyyətlərinin ləğvi, əvəzində xüsusi nümayəndəliklərin yaradılması müzakirə edilirdi. Bəs icra hakimiyyəti orqanları ləğv ediləcək? Millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, cəmiyyət Prezidentin xüsusi nümayəndələrinin işğaldan azad olunan ərazilərdəki müsbət fəaliyyətini görərək, bu təcrübənin respublikanın digər regionlarında da tətbiq olunmasını istəyir. Yəqin ki, bu məsələ zamanı gələndə müzakirə ediləcək: "Amma elə icra hakimiyyətləri də Prezidentin nümayəndəliyi hesab edilə bilər. Həm xüsusi nümayəndələr, həm də icra hakimiyyəti başçıları birbaşa Prezident tərəfindən təyin olunurlar. Cənab Prezident hər bir icra başçısının təyinatı zamanı onlara təmiz, qanunauyğun işləməyi, problemləri diqqətdə saxlamağı və fəaliyyətlərini yerlərdə hüququn qorunmasına, insanların rifahının yüksəldilməsinə yönəltməyi əsas vəzifə kimi tapşırır. Bu gün yerli icra hakimiyyətlərində işinə məsuliyyətlə yanaşan, əhali tərəfindən fəaliyyəti müsbət qiymətləndirilən kifayət qədər rəhbər var. Amma çox təəssüf ki, vaxtaşırı bəzi rayon icra hakimiyyətlərində qanunu pozan, pozuntularının görünməyəcəyinə ümid edən şəxslər də tapılır. Bu səbəbdən vaxtaşırı icra hakimiyyətlərində keçirilən reydlər və qanunsuz fəaliyyətlə məşğul olanların məsuliyyətə cəlb edilməsi göstərir ki, dövlətin ciddi nəzarət mexanizmi mövcuddur. İstənilən qanunsuz fəaliyyət gec-tez ifşa olunur və həmin şəxslər öz əməllərinə görə cavab verəcəklər".A.Mirzəzadənin sözlərinə görə, vaxtilə ən yüksək postlardan birində çalışmış Ramiz Mehdiyevin, ondan əvvəl isə bir neçə rayon icra başçısının saxlanılması da göstərir ki, Prezidentin tapşırıqları hər zaman diqqətdə saxlanmalı, onun tələbləri səviyyəsində işlənməlidir:"İcra hakimiyyətlərinin ən birinci vəzifəsi Prezidentin göstərişlərinə uyğun olaraq, insanların rahat həyat şəraitinin təmin edilməsi və qanunçuluğun qorunmasıdır. Əgər kimsə bu prinsiplərə əməl etməyəcək, qanunsuz fəaliyyətlə məşğul olacaqsa, onların da fəaliyyəti gec-tez ifşa ediləcək və məhkəmə qarşısında cavab verməli olacaqlar".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
6
1
metbuat.az

2Mənbələr