AZ

Azad olunmuş ərazilərimizə köç prosesi yeni mərhələyə qədəm qoyub

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Ağdamın Xıdırlı kəndinə bu mərhələdə 24 ailə - 124 nəfər köçürülüb.

Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir. 2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə tutulur.

Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beş otaqlıdır. Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.

İşğaldan azad olunan ərazilərimiz arasında Ağdam şəhəri xüsusi yer tutur. Çünki bu şəhər ermənilər tərəfindən xüsusi amansızlıqla dağıdılıb. Belə ki, oranı Qarabağın "Xirosiması" belə adlandırıblar. 44 günlük Vətən müharibəsi zamanı bir güllə də olsun atılmadan qaytarılan ərazilərimizdən biri də Ağdam şəhəri olub. 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən şəhərin Baş Planı təsdiqlənib. O tarixdən bu yana Ağdam "ağıllı infrastruktur", "yaşıl enerji", ekoloji davamlılıq prinsipləri üzərində yenidən qurulur. Şəhərdə indiyə kimi, 200 km-dən çox yeni yol tikilib və ya bərpa olunub. 10-dan çox məktəb və təhsil mərkəzi, şəhər xəstəxanası, elektrik stansiyaları artıq layihələndirilib və bunların tikintisi gedir. 190 hektarlıq sahədə 20-dən artıq müəssisə üçün şərait yaradan Ağdam Sənaye Parkı salınıb və fəaliyyətə başlayıb.

Ağdamda yaradılan sənaye və kənd təsərrüfatı zonaları artıq real iqtisadi fayda gətirməyə başlayıb. Ağdam Sənaye Parkında 20-dən çox sahibkara yer ayrılıb. Texnopark və logistika mərkəzləri, aqrar klasterlər və istehsalat sahələri yaxın illərdə bölgəyə böyük sərmayə cəlb etməyi hədəfləyir.

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri vahid Baş Plan konsepsiyası əsasında həyata keçirilir: "Son beş ildə baş verən proseslərin şahidi olmaq, Qarabağda bərpa prosesinin bir parçası kimi çıxış etmək böyük qürurdur".

Millət vəkili Şahin İsmayılov deyir ki, otuz il ərzində işğal altına qalan, vandalizmin qurbanı olan Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa prosesi nəticəsində tarixi torpaqlarımız artıq mötəbər tədbirlərə uğurla ev sahibliyi edir: "Prezident İlham Əliyevin azad olunmuş torpaqlarımıza mütəmadi olaraq həyata keçirdiyi səfərlər, işlərin gedişi ilə şəxsən tanış olması, müvafiq tapşırıq və göstərişlərin verilməsi quruculuq prosesinin uğurla və sürətlə reallaşmasını şərtləndirən əsas amillərdəndir. Artıq doğma torpaqlarımıza qayıdan 50 mindən çox insan 16 şəhər və kənddə böyük qürur hissi ilə yaşayır, çalışır və ya təhsil alır. Bir neçə gün əvvəl Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışını etdilər. Beləliklə, müasir infrastrukturun qurulduğu bu kəndimiz də artıq öz doğma sakinlərini qarşılayır".

Politoloq Tural İsmayılovun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə köç prosesi artıq yeni mərhələyə qədəm qoyub. Bu, sadəcə demoqrafik və sosial layihə deyil, həm də dövlətçilik baxımından strateji bir bərpa proqramıdır. Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi həm tarixi ədalətin bərpası, həm də milli iradənin təntənəsidir. Dövlət bu prosesi tələsik deyil, planlı şəkildə həyata keçirir: "Hər bir qayıdış əvvəlcə infrastrukturla başlayır, yollar, enerji xətləri, su təchizatı, rabitə və sosial obyektlər bərpa olunur. Bu, köçün emosional yox, dayanıqlı əsaslarla təmin edildiyini göstərir. Ağdam, Ağalı, Talış, Laçın, Füzuli, Zəngilan, Tərtər və digər bölgələrdə artıq müasir şəhərsalma nümunələri formalaşır. Prezident İlham Əliyevin "bərpa yox, yenidən qururuq" ifadəsi bu prosesin fəlsəfəsini aydın izah edir. Dövlət yalnız dağıntıları aradan qaldırmır, həm də gələcəyin Qarabağını - ağıllı, yaşıl, təhlükəsiz şəhərləri ilə yeni regional model yaradır. Bu, həm ekoloji, həm texnoloji, həm də sosial baxımdan unikaldır. Köç edən hər bir ailə üçün sosial dəstək mexanizmləri formalaşdırılıb. Təhsil, səhiyyə, məşğulluq və kənd təsərrüfatı sahəsində layihələr eyni vaxtda icra olunur. Məqsəd, sadəcə insanları doğma torpağa qaytarmaq deyil, onların orada sabit, rifahlı həyat qurmasını təmin etməkdir. Bu gün Qarabağa qayıdan insanlar yalnız sakin deyil, milli dirçəlişin canlı simvollarıdır. Onlar torpağın bərpası ilə bərabər, Azərbaycanın gələcəyinə yeni enerji gətirirlər. Dövlətin əsas siyasəti budur: hər bir qayıdış tək bir ailənin deyil, bütöv xalqın dönüşüdür. Azərbaycan bu gün həm fiziki, həm mənəvi coğrafiyasını bərpa edir. Qarabağa dönüş təkcə bir yolun deyil, bütöv bir tarixin yenidən çəkilməsidir".

Millət vəkili Kamran Bayramov qeyd edib ki, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradıb. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradıb. Böyük Qayıdış təkcə köç prosesi deyil, bu, həm də milli ruhun, tarixi ədalətin və hüquqi əsasların bərpasıdır. Prezidentin "Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi" fikri isə Azərbaycanın müstəqil və qətiyyətli siyasətinin bariz nümunəsidir. Dövlət başçısının bu səfərləri və verdiyi mesajlar bir daha sübut edir ki, Azərbaycan xalqı yalnız döyüş meydanında deyil, quruculuq və dirçəliş sahəsində də qalibdir. 2026-cı ilin sonunadək "Böyük Qayıdış"a dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura 140 min vətəndaşın köçürülməsi planlaşdırılır ki, bu da Azərbaycanın artan iqtisadi gücü, sosial planlaşdırma imkanları və siyasi iradəsinin bariz göstəricisidir. Bu, təkcə miqrasiya prosesi deyil, həm də illərlə işğal altında qalmış ərazilərin sosial-iqtisadi reabilitasiyası, təhlükəsiz, davamlı və ləyaqətli yaşayış üçün şəraitin yaradılması deməkdir. Hazırda azad olunmuş bir çox ərazilərdə keçmiş məcburi köçkünlər məskunlaşıb. Bununla yanaşı, bu bölgələrdə dövlət qurumlarının yerli nümayəndəlikləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə mütəxəssislər - müəllimlər, həkimlər, mühəndislər, sahibkarlar, turizm işçiləri və ictimai xidmət əməkdaşları daimi əsaslarla burada çalışır və yaşayır. Ümumilikdə, 50 minə yaxın insan artıq bu ərazilərdə həyatına davam edir ki, bu da Böyük Qayıdış prosesinin yalnız başlanğıc mərhələsi olmaqla yanaşı, real və davamlı uğurların əyani təsdiqidir. Bu məskunlaşma və inkişaf strategiyası Azərbaycanın gələcək üçün yaratdığı sabitlik, sosial ədalət və vətəndaş rifahı modelinin bir parçasıdır".

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan xalqının sarsılmaz iradəsini Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında aydın şəkildə görürük. Hər zaman irəlini hədəfləyən, strateji baxışla gələcəyə hesablanmış addımlar atan Azərbaycan bu gün təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi tanınır: "Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf proqramları, "Böyük Qayıdış" çərçivəsində reallaşan sosial layihələr, beynəlxalq sülh və əməkdaşlıq təşəbbüslərindəki fəal iştirak ölkəmizin artan nüfuzunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, onu yeni dövrün çağırışlarına cavab verən güclü və müasir dövlət kimi formalaşdırır".

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
525.az

1Mənbələr