Bakı, 4 noyabr, AZƏRTAC
Sudanda Çevik Reaksiya Qüvvələri tərəfindən ələ keçirilən El Faşer şəhərində (Şimali Darfur əyalətinin inzibati mərkəzi) humanitar vəziyyət hər gün pisləşir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş bunu BMT-nin Dohada keçirilən Sosial İnkişaf Sammiti çərçivəsində jurnalistlərə deyib. “Əl Faşer və Şimali Darfurun ətraf rayonları 18 aydan artıqdır ki, aclıq, zorakılıq və kütləvi köçkün episentrinə çevrilib. Yüz minlərlə dinc sakin tələyə düşüb. İnsanlar qida çatışmazlığından, xəstəlikdən ölür və zorakılığın qurbanı olur”, - deyə Antonio Quterreş bildirib. Onun sözlərinə görə, BMT etnik zorakılıq hallarını sənədləşdirib və şəhəri ələ keçirən Çevik Reaksiya Qüvvələrinin kütləvi edamları ilə bağlı etibarlı hesabatlar alıb. BMT-nin Baş katibi zorakılıq və döyüşlərə dərhal son qoymağa, münaqişədən zərər çəkmiş bölgələrə humanitar yardımın maneəsiz çatdırılmasına və Sudana “silah və döyüşçü axınını” dayandırmağa çağırıb.
Təxminən ilyarım mühasirədə qalan El Faşer oktyabrın 26-da Çevik Reaksiya Qüvvələri tərəfindən ələ keçirilib. Onlar azı 2 min insanın qətlində ittiham olunurlar. Beş gün ərzində azı 36 min insanın şəhərdən qaçdığı bildirilir.
Qeyd edək ki, Sudanda vəziyyət 2023-cü ilin aprelində Suveren Şuranın (müvəqqəti idarəetmə orqanı) sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan ilə Çevik Reaksiya Qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılıqları səbəbindən gərginləşib. Paytaxt Xartumda baş verən toqquşmalar sürətlə ölkənin digər bölgələrinə də yayılıb. Münaqişə azı 40 min insanın ölümü ilə nəticələnib və təxminən 12 milyon sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb.