Qulu Məhərrəmli: “Əvvəl rusca, indi ingilis, türk dilində danışanlar nəticə çıxarmalıdır”
Azərbaycan dilinin saflığının qorunması məsələsi son illər ictimai diqqətin əsas mövzularından birinə çevrilib. Bu mövzu Prezident İlham Əliyevin də daim önəm verdiyi məsələlər sırasındadır. Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunan yığıncaqdakı çıxışında ana dilimizin qorunması ilə bağlı vacib fikirlər səsləndirib. Prezident vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcu olmalıdır. Prezident İlham Əliyev çıxışında bunları deyib: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Dövlət başçısının bu çıxışı cəmiyyətdə geniş rezonans doğurub, xüsusilə də dil mütəxəssisləri və ziyalılar tərəfindən yüksək qiymətləndirilib. Bakı Dövlət Universitetinin professoru, AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Akademiyanın yubileyində Prezident İlham Əliyevin çıxışı, xüsusilə də onun Azərbaycan dili haqqında fikirləri bu gün sözün əsl mənasında gündəm yaratdı. Nəyə görə? Çünki biz illərdir bu barədə danışırıq, bu problemlərdən danışanlardan biri də mənəm. Prezident bu məsələyə çox aydın və sistemli şəkildə toxundu. Əvvəla, ana dilinin saflığının qorunması məsələsini önə çəkdi. Bu isə o deməkdir ki, biz nitqimizdə, yazımızda, ümumilikdə Azərbaycan dilinin bütün qayda və qanunlara əməl etməliyik. İkinci isə bir aspekt yerli-yersiz alınma sözlərdən istifadədir. Əlbəttə, Azərbaycan tolerant bir ölkədir və dilimiz də bu xüsusiyyəti daşıyır — o, canlı bir mexanizmdir. Xarici ölkələrlə kommunikasiya, ticarət və digər sahələrdə əməkdaşlıq zamanı biz həmin dillərdən çoxlu sözlər alırıq. Amma əgər bu sözlərin Azərbaycan dilində qarşılığı varsa, onlardan istifadə etməyin heç bir məntiqi yoxdur. Bu baxımdan alınma sözlərlə bağlı Prezidentin dediyi aktualdır. Üçüncü, vətəndaşların, yəni dil daşıyıcılarının ana dili ilə bağlı müəyyən məsuliyyəti var. Dövlətin “Dövlət dili haqqında” Qanun var, o qanuna əsasən, bütün sahələrdə — istər reklam, istərsə də idarəçilik səviyyəsində — ana dilinin işlədilməsi ön planda olmalıdır. Amma baxın, bu gün elədirmi? Təəssüf ki, belə deyil. Əgər bir insan dil daşıyıcısı olduğu halda, ana dilində öz fikrini tam ifadə edə bilmirsə, bəs onda bu dilin təəssübünü kim çəkməlidir. Bu baxımdan məsələlər çox ciddidir, bu həm orta, həm ali məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Gənclərə ana dili sevgisini aşılamaq, onların düzgün və səlis danışığını formalaşdırmaq, sosial şəbəkələrdə istifadə etdikləri dilə diqqət yetirmək çox vacibdir”.
Professor qeyd edib ki, gənclərin paylaşdığı dil materiallarına, ifadə tərzlərinə tənqidi yanaşılmalıdır: “Çünki dil daşıyıcısı öz dilinə biganə qalarsa, artıq milli kimlik məsələsi önə gəlir. Ona görə də hər kəs bunu nəzərə almalı, ana dilinə hörmət və sevgi ilə yanaşmalıdır”.
Qulu Məhərrəmli həmçinin vurğulayıb ki, müstəqillik dövründə Azərbaycan dili ilə bağlı mühüm hüquqi sənədlər qəbul edilsə də, onların tətbiqi sahəsində problemlər qalmaqdadır: “Müstəqillik dövründə Azərbaycan dilinin qorunması, onun normalarının və savadlı istifadəsinin təmin olunması ilə bağlı 20-dən çox rəsmi sənəd mövcuddur. Ana dili haqqında qanunlar var, sərəncamlar var, dil ilə bağlı dövlət proqramı var. Xaricdə yaşayan azərbaycanlılar və diaspor üzvləri üçün dərsliklərin hazırlanması üçün sərəncamlar var. Amma sual yaranır: bunlara əməl olunurmu? Burada məsuliyyət yalnız dövlətin deyil, hər bir fərdin üzərinə düşür. Çünki dil — bizim milli sərvətimizdir, milli varlığımızın, ruhumuzun mövcudluğunun ifadəsidir. Ona görə də hər birimiz ana dilimizi qorumalıyıq ki, Azərbaycan dili düz işlənsin, dilin statusu pozulmasın. Əvvəl rusca, indi ingilis, türk dilində danışanlar var, onlar nəticə çıxarmalıdır”.
Afaq Mirayiq,
Musavat.com