AZ

Xaçaturyan: Gürcüstanı kürəyindən vurduq

BAKI, 4 noyabr. TELEQRAF

“Avronest Parlament Assambleyasının Gürcüstanı tənqid edən qətnaməsini dəstəkləməklə Ermənistanın hakim “Vətəndaş Müqavilə” Partiyası qonşu ölkəni kürəyindən bıçaqladı”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif üzvü Artur Xaçaturyan deyib.

O bildirib ki, Avronestin İrəvanda keçirilən iclasında hakim partiyanın nümayəndə heyəti təkcə Rusiyanı yox, Gürcüstanı da sərt tənqid edən sənədə səs verib.

“Ermənistan hakimiyyətinin Rusiyanı tənqid etməsi yeni bir şey deyil. Amma onların anti-Gürcüstan qətnaməsini dəstəkləməsi gözlənilməz oldu. Avronestin qəbul etdiyi qətnamədə hakim “Gürcü Arzusu” Partiyası “antidemokratik siyasəti, vətəndaş haqlarının boğulması və müxalifətin təqibi”nə görə pislənib. Belə bir qətnamənin dəstəklənməsi İrəvanla Tbilisi arasında etimadı sarsıdır və Ermənistanın regionda mövqelərini zəiflədə bilər”.

Xaçaturyanın həmkarı Qarnik Danielyan Gürcüstan tərəfinin reaksiyasını iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirən “diplomatik yumruq” adlandırıb. Deputat belə addımların iqtisadi çətinliklərə, o cümlədən Gürcüstanda Ermənistan yüklərinin mümkün gecikmələrinə səbəb ola biləcəyindən narahatlığını ifadə edib.

Avronestin oktyabrın 31-də dərc etdiyi qətnamədə qeyd olunub ki, son dövrlərdə Gürcüstanda baş verən hadisələr demokratiyanın gerilədiyini göstərir. Sənəddə Gürcüstan hökumətinin seçkiləri saxtalaşdırdığı da iddia olunub. Avronestin son iclası oktyabrın 30-31 də İrəvanda keçirilib.

Xatırladaq ki, Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani noyabrın 3-də verdiyi bəyanatda Ermənistan deputatlarını ölkəsinə qarşı düşməncə davranmaqda günahlandırıb.

Seçilən
64
teleqraf.com

1Mənbələr