AZ

Əməliyyatdan sonra ölüm halları artır, şəffaf araşdırma mexanizminin olmaması ictimai etimadı sarsıdır

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Lənkəranda baş verən son hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Belə ki, oktyabrın 28-də Lənkəran şəhər sakini, 1965-ci il təvəllüdlü Siyavuş Rzayev yırtıq əməliyyatından sonra dünyasını dəyişib. Yaxınlarının iddiasına görə, ölümə həkim səhlənkarlığı səbəb olub. Bu kimi hadisələrin artması cəmiyyətdə tibb sisteminə olan etimadı sarsıdır və ciddi suallar doğurur. Əməliyyatlardan sonra ölüm hallarının artmasının səbəbi nədir?

Məlumatlara görə, Siyavuş Rzayev yırtıq diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Əməliyyatdan sonra xəstənin vəziyyəti pisləşib, qarın nahiyəsində şişkinlik və zəhərlənmə əlamətləri yaranıb. Yaxınlarının bildirdiyinə görə, həkimlərin gecikmiş müdaxiləsi nəticəsində xəstənin həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə son illərdə Azərbaycanda tez-tez gündəmə gələn əməliyyatdan sonrakı ölüm hallarının növbəti nümunəsi kimi dəyərləndirilir.

Rəsmi qurumlar tərəfindən dəqiq statistika nadir hallarda açıqlansa da, Səhiyyə Nazirliyi və Ombudsman Aparatının illik hesabatlarında tibbi xidmətlə bağlı şikayətlərin artdığı qeyd olunur. Xüsusilə bölgə xəstəxanalarında əməliyyat sonrası ağırlaşma və ölüm hallarının sayında artım müşahidə edilir.

Ekspertlərin fikrincə, bu vəziyyət bir neçə əsas amillə bağlıdır. Tibbi nəzarətin zəifliyi və kadr çatışmazlığı, sterillik və texniki avadanlıq problemləri, həkim məsuliyyəti və səhlənkarlıq halları, pasiyentlərin öz səhvləri və s.

Qanunvericiliyə əsasən, “Tibbi xidmətin keyfiyyətinə nəzarət haqqında” qaydalar çərçivəsində səhiyyə müəssisələri pasiyentin ölümünə səbəb olan hallarda Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Lakin reallıqda bu prosedurlar çox vaxt formal xarakter daşıyır. Şəffaf araşdırma mexanizminin olmaması ictimai etimadı sarsıdır və “həkim səhlənkarlığı” anlayışının cəmiyyətdə daha geniş yayılmasına səbəb olur.

Lənkəranda baş verən bu hadisə bir daha göstərdi ki, əməliyyatdan sonrakı ölüm hallarının azalması üçün sistemli islahatlara ehtiyac var.

Siyavuş Rzayevin ölümü bir ailənin faciəsidir, amma bu faciə həm də sistemdəki problemlərin əlamətidir. Hər bir belə hadisə araşdırılmalı, nəticələr ictimaiyyətə açıq şəkildə təqdim edilməlidir. Yalnız bu halda insanlar öz sağlamlıqlarını etibar etdikləri səhiyyə sisteminə yenidən inanacaqlar.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr