AZ

"Təhsil şagirdin inkişafına yönəlməlidir" - AYDINLIQ GƏTİRİLDİ

"Test üsulu, yəni test üsulu ilə qəbul mexanizmi, bizim təhsilimizə çox böyük şəffaflıq və obyektivlik gətirdi. Universitetə daxil ola bilməyən on minlərlə şəxs sonradan test üsulunun sayəsində universitetə qəbul oldu". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

O bildirib ki, amma bu, müəyyən dövr üçün bir mərhələ idi və o dövr üçün lazım idi, öz işini çox uğurla yerinə yetirdi: "Bundan sonra isə uzaq və yaxın gələcək üçün test üsulundan artıq fərqli mexanizmlərə yönəlməliyik. Doğrudur, biz Dövlət İmtahan Mərkəzinin fəaliyyətini də qiymətləndiririk, suallarla bağlı etdiyi yenilikləri — məzmun xətti, açıq tipli, istehsal tipli suallarda etdiyi islahatları da yüksək dəyərləndiririk. Amma artıq test amili, necə deyim ki, keçmişdə qalmalıdır.

Çünki test üsulu özü ilə paralel olaraq fərqli məzmun xətti gətirdi. Təəssüf ki, test həm də repetitorluq institutunun yayılmasına səbəb oldu, məktəbin nüfuzunun itirilməsinə gətirib çıxardı. Test üsulu analitik təfəkkürü, əzbərləmə və yadda saxlanılan informasiyanın köləliyini artırdı və təhsilin mahiyyətini zədələdi. Təhsil elə oldu ki, uşaq oxusun, sonra imtahan verib hansısa yerə daxil olsun. Müəllimlər belə düşünürlər ki, imtahana düşməyən mövzudan şagird səhv edir. Amma müəllim, bütün mövzuların, bütün fənlərin mahiyyəti imtahana hazırlıq deyil, şagirdin inkişafına dəstəkdir. Amma bu yoxdur. Test üsulu müəllimlərdə başqa bir yanaşma yaratdı, təhsilin özündən aldı. Demirəm ki, test üsulu olmamalıdır, amma onun artıq bu dərəcədə inkişafı məktəbin şəxsiyyət yönümlü funksiyasını, səriştəyə əsaslanan tədris prinsipini arxa plana keçirdi. Test üsulu qalmalıdır, amma məktəbin mahiyyətini qorumaq şərtilə.

Əks halda, biz müasir məktəblərdə biliyə yox, sadəcə test nəticələrinə yönələn, əzbərlik və belə yönlü təhsildən danışacağıq. Bu isə arzuolunan hal deyil. Belə olan halda, repetitorlar deyəcəklər ki, yaxşı ki, repetitorlar var, yoxsa uşaqlar universitetə necə daxil ola bilərdi. Mən isə demək istəyirəm ki, əgər repetitorluq bu qədər inkişaf etməsəydi, məktəbimiz məktəb olaraq qalardı".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
36
1
sia.az

2Mənbələr