AZ

Vətənə fəda edilən şəhid ömrü

525.az saytına istinadən ain.az xəbər verir.

Elə ömürlər var ki, zaman baxımından qısa görünsə də, anlamına, mənasına sığmayan bir böyüklük daşıyır özündə. Elə ömürlər var ki, qısa bir zaman içində bütöv bir nəslin, bir xalqın şərəf salnaməsinə çevrilir. Şəhid Səxavət Əsəd oğlu Şərifovun həyatı da belə bir ömür idi - gənc oğlanın qeyrət, mərdlik və sədaqətlə yoğrulmuş ömrü.

1965-ci ildə Zəngilan rayonunun Seyidlər kəndində dünyaya göz açan Səxavət, torpaqla nəfəs alan, zəhmətkeş bir ailənin övladı idi. Onun da həyatı, uşaqlığı bütün kənd mühitlərinə xas tərzdə - çətin, amma maraqlı, mənalı keçmişdi. Səxavət də bu saf mühitdə, bir-birinə dayaq, həyan olan mərd, səmimi insanların içində böyüyərək kənd məktəbində səkkizillik təhsil alır. Elm, zəhmət və dürüstlük onun həyatının əsas dayaqlarına çevrilir.

1981-ci ildə Bakıya gələrək texniki peşə məktəbinə daxil olur. Qaynaqçı ixtisasına yiyələnən bu gəncin məqsədi sadə idi - halal zəhməti ilə dolanmaq, ailəsinə, Vətəninə gərəkli bir insan olmaq. Həyatın bütün mərhələlərində bu təmənnasızlıq, bu səmimilik onun yol yoldaşı olur.

1983-1985-ci illərdə o, Rusiya Federasiyasının Saratov şəhərində hərbi xidmət keçir. O illər gənc bir oğlan üçün həm məsuliyyət, həm də yetkinlik məktəbi idi. Ordu nizam-intizamı, sədaqət və vətənpərvərlik anlayışlarını daha da dərinləşdirdi.

Hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıt şəhərində yerləşən 1 nömrəli Təmir-tikinti Trestində öz ixtisası üzrə əmək fəaliyyətinə başlayan Səxavət gənc, bacarıqlı və məsuliyyətli qaynaqçı kimi tezliklə həmkarlarının rəğbətini qazandı. Onun əlləri paslı dəmiri əridər, amma gənc ruhu həmişə saf, təmiz qalardı.

Bir neçə il sonra çalışqanlığı və işinə sədaqəti nəzərə alınaraq trest tərəfindən mənzillə təmin olunur. Həmin illərdə bir işçinin mənzil sahibi olması həm böyük şans, həm də zəhmətin bəhrəsi idi. Bu sevinc onun həyatında yeni bir səhifə açdı. Ən əsas problem həll olunan Səxavət 1991-ci ildə ailə qurdu, övlad atası oldu. Həyat onun üçün öz axarında, sakit, əminliklə davam edirdi.

Amma "sən saydığını say, gör fələk nə sayır" - deyib atalarımız. Səxavətin də bu xoşbəxt, dinc həyatı uzun sürməyəcəkdi, təəssüf ki...

1990-cı illərin əvvəlləri Azərbaycan üçün çox çətin sınaq illəri idi - Qarabağda alovlanan müharibə artıq hər evin qapısını döyürdü. Düşmən əli artıq Zəngilana, Seyidlərə, Səxavətin doğma torpağına da çatırdı.

Gənc ailə başçısı zəhmətinin bəhrəsi olan mənzilini, gənc ailəsini, körpə qızını geridə qoyaraq Vətənin çağırışına tələsir. Çünki o bilirdi ki, torpaq əldən getsə, nə evin, nə ailənin, nə də gələcəyin bir mənası qalacaq. Bütün qeyrətli Vətən övladları kimi, Səxavət üçün də torpaq hər şeydən öncə gəlirdi.

Beləcə, Səxavət 1992-ci ilin əvvəllərində doğma kəndinə qayıtdı və kəndin özünümüdafiə batalyonuna qoşuldu. Kəndin ətrafında səngərlər qazılır, silah səsləri qulaqlarda çalınırdı. O, artıq qaynaqçı yox, torpaq qoruyucusu idi. Əlində dəmir yox, silah vardı. Amma içindəki isti ürək, sadiq ruh dəyişməmişdi.

1994-cü ilin yanvarında döyüşlər Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində qızışdı. Həmin günlərdə Səxavət də ön cəbhədə idi. O, döyüş yoldaşları ilə birlikdə düşmən hücumunun qarşısını alırdı. Güllə yağışı, soyuq külək, qışın sərtliyi onu qorxutmurdu. Çünki o, qorxunun yerinə Vətən sevgisini qoymuşdu.

Yanvarın 9-da o, döyüş zamanı sağ böyründən ağır güllə yarası alan Səxavət Şərifov həmin gün şəhadətə yüksəldi.

Nə yazıq ki, artıq onun doğulduğu torpaq düşmən tapdağında idi və qəhrəman şəhid öz ata yurdundan çox-çox uzaqda - Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırıldı. Gənc bir ata, gənc bir həyat torpağa qovuşdu. Amma o torpaq indi daha müqəddəs idi, çünki onun altında bir qəhrəman yatırdı.

Səxavət şəhid olanda qızı hələ 8 aylıq idi. Körpə bir uşaq atasının simasını şəkillərdə görərək əzbərlədi. Atasını anasının xatirələrindən tanıdı. Bildi ki, atası bir elin, bir obanın fəxridir. Öyrəndi ki, atası şəhadət şərbətini içən bir qəhrəmandır. Böyüdükcə hər "ata" kəlməsi ilə gözlərində kədər qarışıq qürur parladı.

İllər keçdi, o körpə böyüdü, ailə qurdu, iki övlad anası oldu. Atasının adını, xatirəsini qəlbində daşıdı.

Səxavətin adı yalnız döyüş meydanında deyil, əmək salnaməsində də yaşamaqdadır. O, vaxtilə Xocalıdakı aeroportun tikintisində də çalışmışdı. Bu, onun həyat yoluna ikiqat mənəvi dəyər qazandırır. Bir tərəfdən, o torpağa həyat verən bir işçi, digər tərəfdən, həmin torpağı müdafiə edən bir əsgər idi.

Bu, çox az insana nəsib olan bir tale idi - həm yaratmaq, həm qorumaq. O, dəmir parçasını əridən bir qaynaqçı idi, amma eyni zamanda Vətən üçün öz canını əridən bir qəhrəman.

Səxavət Şərifovun həyatı bu gün gənclərə bir örnəkdir. O, var-dövlət, şöhrət, vəzifə arxasınca qaçmadı. Sadə, halal, təmiz yaşadı. Amma lazım gələndə ən böyük sərvətini - həyatını Vətənə verdi.

Qəhrəmanlıq gurultulu sözlər, bərli-bəzəkli tribunalar deyil. Bəzən o, səssiz bir qərarla başlanır - "Mən gedirəm, torpağımı qorumağa". Səxavətin qəhrəmanlığı da məhz belə səssiz, dərin və müqəddəs idi.

Bu gün Seyidlər kəndinin, Zəngilan torpağının hər qarışında onun kimi şəhidlərin ruhu dolaşır. Hər azad edilmiş torpaq parçası igid oğullarımızın qanı ilə suvarılıb. Hər qayıdışda, hər tikilən evdə, hər səslənən "Qarabağ Azərbaycandır!" nidasında ömrü yarıda qırılan Səxavətin də payı var.

Şəhid ömrü bir xalqın yaddaşıdır. Səxavətin adı, əməyi, ruhu Zəngilan torpağında, Xocalı aeroportunun daşında, Füzulinin azadlıq sədasında, Sumqayıt xiyabanında, qızının qəlbində, nəvələrinin baxışında yaşayır. Onun adı gələcək nəsillərə mərdliyin, insanlığın, vətənpərvərliyin simvolu kimi qalacaq.

Bu, ölüm deyil. Bu, əbədiyyətin özüdür.

Şahanə MÜŞFİQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
525.az

1Mənbələr