Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin yeganə real sonu atəşkəsin hazırkı təmas xətti üzrə elan olunmasıdır.
Bizimyol.info xəbər verir ki, diplomat bu fikri "Anadolu" agentliyinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Ukraynanın mövqeləri bu məsələdə üst-üstə düşür:
“Həm Tramp, həm də Ukrayna rəhbərliyi hesab edir ki, müharibə hazırkı təmas xəttində atəşkəslə dayandırılmalı, danışıqlar da həmin xəttdən başlamalıdır. Ərazi məsələlərinin müzakirəsi isə Ukrayna və Kremlin rəhbərliyinə həvalə olunmalıdır”, - deyə o qeyd edib.
Kislitsa vurğulayıb ki, Kiyev artıq Moskva qarşısında kifayət qədər güzəştlərə gedib və bundan sonra yeni güzəştlər gözləmək məntiqsizdir: “Ukrayna hökuməti artıq çox sayda güzəşt edib. İndi məsələ Rusiyanın məsuliyyət göstərib danışıqlara ciddi yanaşmasındadır”, - deyə bildirib.
Diplomat qeyd edib ki, qarşıda həm Ukraynanı, həm Rusiyanı, həm də digər tərəfləri çətin və uzun danışıqlar gözləyir. Onun sözlərinə görə, bu danışıqların mürəkkəbliyi münaqişənin dərin xarakterindən qaynaqlanır.
Kislitsa həmçinin ABŞ-ın dəstəyinin davam edəcəyinə əminliyini ifadə edib və Vaşinqtonu “müharibənin dayandırılması prosesində əsas oyunçu” adlandırıb. O, Ukraynaya “Tomahawk” qanadlı raketlərinin və “Patriot” zenit-raket komplekslərinin göndərilməsi ilə bağlı danışıqları “real və perspektivli” adlandırıb: “Danışıqlar tam gücü ilə davam edir. Bəli, proses bəzən istədiyimiz qədər sürətlə getmir, amma doğru istiqamətdə irəliləyirik”, -deyə o əlavə edib.
Ukraynalı diplomat Tramp ilə Vladimir Putin arasında planlaşdırılan, lakin baş tutmayan görüşə də münasibət bildirib. Onun fikrincə, bu görüşün ləğvi ABŞ-ın Moskvanın manipulyasiyalarına və danışıqları uzatmaq cəhdlərinə səbirinin tükəndiyini göstərir.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 2-də verdiyi açıqlamada Ankaranın Ukrayna ilə Rusiya arasında vasitəçi rolunu oynamağa hazır olduğunu bildirib. Nazir Türkiyənin iki ölkə nümayəndə heyətləri arasında dördüncü danışıqlar raunduna və hətta liderlərin İstanbulda mümkün görüşünə ev sahibliyi edə biləcəyini qeyd edib.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.