Gəncə şəhər sakini, 1-ci qrup əlil Bayramov Yusif Ələddin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Gəncə şəhərində marşrut avtobusların dayanacaqları arasındakı məsafənin çox olmasından narazıdır:
“Mən, 1-ci qrup əlil Bayramov Yusif Ələddin oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Mənim şikayətim Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindəndir. Köhnə avtobusları yeniləri ilə əvəzlədilər, sağ olsunlar. Amma Gəncə şəhərində dayanacaq tapmaq mümkün deyil. “Adı var, özü yoxdur” misalı. Yalnız sürücülər bilir ki, dayanacaq hardadır. Belə də olmaz.
Mən əlil adamam, evdən çıxıb nə qədər yol gedim ki, bir dayanacaq görüm?! Biz xəstə adamları nəzərə almırlar. Başa düşürəm, hər yerdə saxlamağa sürücülərə icazə verilmir. Ən azından dayanacaq qurulsun, harda gözləyəcəyimizi bilək.
Çağrı mərkəzlərinə düşmək olmur. Hər dəfə zəng vuranda vətəndaş maddi ziyana uğrayır. Yol pulu “dağın başına” qalxıb, qazananlar keflə xərcləyirlər. Bizlər də sürünürük.
Gediş haqqını qaldırdığınız kimi, vətəndaşların da hüquqlarını qoruyun. Amma yox, kasıb kimdir ki, haqqı da ola?!”
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.