AZ

Magistratura bütün ixtisaslar üçün önəmli pillədir

Gənclərin bir hissəsi bakalavr təhsilini başa vurduqdan sonra magistratura pilləsində oxumağa maraq göstərmirlər. Onların fikrincə, bu mərhələdə artıq yeni bilik və bacarıqlar əldə etməyə biləcəklər. Lakin mütəxəssislər bununla razılaşmır və magistratura təhsilinin həm elmi, həm də peşəkar inkişaf baxımından vacibliyini vurğulayırlar.

Bu mövzuya münasibət bildirən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AzEdu.az-a açıqlamasında qeyd edib ki, bakalavr və magistr təhsil pillələri bir-birindən fərqli məqsədlərə xidmət edir.

Magistratura pilləsi daha çox elmi-tədqiqat yönümlü yanaşmanı tələb edir və ixtisas üzrə daha dərin, ixtisaslaşmış biliklərin əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

"Mən magistratura təhsilinin hər hansı ixtisas üçün əhəmiyyətsiz olduğunu düşünmürəm. Əksinə, hesab edirəm ki, bu pillə olduqca vacibdir. Bununla belə, bəzi sahələr var ki, orada praktiki bacarıqlar və real iş təcrübəsi nəzəri biliklər qədər önəm kəsb edir. Məsələn, mühasibatlıq, jurnalistika, rəqəmsallaşma kimi ixtisaslarda nəzəri biliklərlə yanaşı, praktiki səriştələr, fərdi yanaşma və təcrübə də vacib rol oynayır.

Bununla yanaşı, magistratura təhsili həm də kariyera baxımından önəmlidir. Təsəvvür edin, eyni ixtisas üzrə bakalavr təhsilini başa vurmuş iki məzun var - biri magistratura pilləsini də bitirib, digəri isə yox. Bu iki məzunun bilik və bacarıqlarını müqayisə etdikdə, magistratura təhsili alan şəxsin həm nəzəri, həm də praktik cəhətdən daha hazırlıqlı olduğunu görmək mümkündür.

Magistratura təhsili akademik tədqiqat aparmaq bacarığını inkişaf etdirir, analitik düşünmə və elmi əsaslandırma qabiliyyətini gücləndirir. Bu, eyni zamanda peşəkar fəaliyyətin keyfiyyətinə də müsbət təsir göstərir.

Ümumilikdə hesab edirəm ki, magistratura təhsili bütün ixtisaslar üçün vacibdir. Bu pillə həm peşəkar karyera inkişafı, həm də daha dərin və əsaslandırılmış biliklərin qazanılması baxımından çox mühüm mərhələdir".

Seçilən
17
azedu.az

1Mənbələr