AZ

Ramiz Mehdiyevin kölgəsində gizlənən xəyanət: AXCP-Müsavat birliyinin iflası

Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə Azərbaycan siyasətində bir çox maskalar düşdü. Onun “siyasi laboratoriyası”nda yetişdirilən, illərlə “müxalifət” adı altında dövlətə qarşı çalışan qüvvələrin – AXCP və Müsavat tandeminin – sükutu da bundan sonra başladı. Maraqlıdır ki, Mehdiyev kreslosunu itirən kimi həmin partiyaların “aksiyalar dövrü” də birdəfəlik bitdi. Nə mitinq oldu, nə “azadlıq yürüşü”. Elə bil kimsə düyməni basdı və onların “siyasi enerjisi” bir anda tükəndi.

Əslində, bu sükut təsadüfi deyildi. AXCP və Müsavat illərlə “sistem müxalifəti”nin bir parçası kimi Ramiz Mehdiyevin ssenarilərinə uyğun davranırdılar. Onların məqsədi ölkədə xaos yaratmaq, dövlətin dayaqlarını sarsıtmaq, xalqla iqtidar arasında uçurum dərinləşdirmək idi. Mehdiyev isə bu “oyunçular”dan istifadə edərək hakimiyyət daxilində təzyiq balansı qururdu. O getdi, ssenarilər dağıldı, “oyunçular” səssizləşdi.

Vətən müharibəsindən öncə bu qüvvələrin nümayəndələri, xüsusilə də AXCP liderləri açıq şəkildə Azərbaycan Ordusunun Qarabağı azad etməyə qadir olmadığını bəyan edirdilər. Onların sosial şəbəkə paylaşımları, çıxışları, müsahibələri bu gün də arxivlərdə qalır. Hətta 2019-cu ildə Əli Kərimli və Arif Hacılı tərəfdarları “müharibə mümkün deyil” deyə bəyanatlar verirdilər.

Amma 2020-ci ilin 44 günlük müharibəsində Azərbaycan ordusu düşməni darmadağın edib, tarixi qələbə qazandıqdan sonra da onlar yenə eyni mövqedə dayandılar – bu dəfə qələbəni kiçiltməyə, onun mənasını gözdən salmağa başladılar.

Bəziləri “bu, Rusiya sayəsində mümkün oldu”, digərləri isə “Qarabağa sülhməramlılar yerləşdirilibsə, deməli, torpaq itirilib” iddiasını ortaya atdılar. Halbuki sülhməramlılar oraya müvəqqəti yerləşdirilib, Azərbaycan bayrağı isə Şuşada, Laçında, Cəbrayılda, Zəngilanda, Füzulidə dalğalanırdı.

Bu “müxalif” çevrələrin qələbəni gözdən salmaq cəhdləri faktiki olaraq dövlətin legitimliyinə, xalqın milli qüruruna qarşı yönəlmiş xəyanət idi.

Ramiz Mehdiyevin siyasi mühitdəki rolu uzun illərdir müzakirə olunur. Onun idarə etdiyi “5-ci kolon”un tərkib hissəsi kimi AXCP-Müsavat tandeminin də Qərbdən gələn təlimatlara uyğun davranması artıq sirr deyil.

Bu “müxalifət” adlanan şəbəkə illərlə ABŞ-ın bəzi dairələri hazırladığı “yumşaq çevriliş” ssenarilərinə dəstək verib. Məqsəd aydın idi – Azərbaycanda sabitliyi pozmaq, hakimiyyətə təzyiq etmək, dövlətin müdafiə qüdrətini zəiflətmək və Qarabağın azad olunmasını əngəlləmək.

Bu ssenarilərin bir hissəsi kimi sosial gərginlik, etnik və dini zəmində qarşıdurma yaratmaq, cəmiyyətin içərisinə “müharibə istəməyənlər” ideyasını yeritmək cəhdləri müşahidə olunurdu. Mehdiyev bu prosesin “daxili koordinatoru”, AXCP-Müsavat isə “ictimai icraçıları” rolunda idi.
Vətən müharibəsindən sonra Azərbaycanın yeni siyasi reallığı formalaşdı. Qələbə xalqın birliyini, dövlətin gücünü və ordunun qəhrəmanlığını göstərdi. Ancaq məğlubiyyətlə barışa bilməyənlər – istər Ermənistanda, istər də Azərbaycanda – bu birliyi pozmaq üçün hər yola əl atdılar.

Ermənistanda revanşist qüvvələr, Azərbaycanda isə “söz azadlığı” adı altında fəaliyyət göstərən dağıdıcı şəbəkələr eyni məqsədə -dövlətin zəifləməsinə xidmət edirdi.
Bu gün cəmiyyətin böyük əksəriyyəti bilir ki, AXCP kimi partiyalar xalqın deyil, xarici dairələrin maraqlarını müdafiə edirlər. Onların “demokratiya” şüarları arxasında anti-Azərbaycan maraqları gizlənir.

Ramiz Mehdiyevin kölgəsində formalaşan, Qərb fondlarının ssenarilərinə uyğun hərəkət edən, 44 günlük qələbədən sonra belə xalqın sevincinə kölgə salmağa çalışan bu qüvvələr artıq ifşa olunub. Azərbaycan cəmiyyəti onların kimliyini tanıyır və onlara inanmır. Dövlətin qarşısında duran əsas vəzifə isə bu “5-ci kolon”u tam neytrallaşdırmaq, milli birliyi pozmağa çalışan bütün qüvvələri siyasi səhnədən birdəfəlik silməkdir. Çünki bu ölkədə xəyanətə, satqınlığa, milli qüruru alver predmetinə çevirənlərə yer yoxdur.

Bu xalq Qarabağı azad edib, öz taleyini yazıb və daha heç vaxt Ramiz Mehdiyevin və ya onun “siyasi yetirmələrinin” diktəsi ilə hərəkət etməyəcək.

Nuray Əlizadə
Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr