AZ

Göydəniz Qəhrəmanov: “Azərbaycan bu gün regionda kibertəhlükəsizlik mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atıb”



“Müasir dünyada elmi yeniliklər, texnologiya və süni intellekt ölkələrin iqtisadi və hərbi gücünü müəyyən edən əsas faktorlardandır. Azərbaycan da bu qlobal trendlərdən kənarda qalmayıb, əksinə, onları milli inkişaf modelinə çevirməyi bacarıb. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev AMEA-nın 80 illik yubileyində etdiyi çıxışənda texnoloji inkişafın dövlət siyasətində prioritet mövqe tutmasını diqqət mərkəzinə gətirdi və elmi potensialın yalnız nəzəri tədqiqatlarla məhdudlaşmamalı, innovasiyaya və istehsal sahəsinə yönəlməli olduğunu xüsusi vurğulandı. Bu istiqamətdə dövlətin yeni texnoloji infrastrukturlar yaratdığını, startaplara və tədqiqat mərkəzlərinə ciddi dəstək göstərdiyini qeyd edən dövlət başçısının “biz yeni texnologiyaları mənimsəməli, onları özümüz istehsal etməliyik” fikri bu gün Azərbaycan reallığında artıq konkret addımlarla gerçəkləşir. Dövlət səviyyəsində texnoparkların fəaliyyəti, elmi laboratoriyaların modernləşdirilməsi, eləcə də gənc alimlərə verilən qrantlar bu siyasətin tərkib hissəsidir.”

Bunları aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Deputat daha sonra cənab Prezident İlham Əliyevin kibertəhlükəsizlik və müdafiə texnologiyaları ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayıb: “İnformasiya əsrində dövlətin təhlükəsizliyi yalnız sərhədlərin qorunması ilə məhdudlaşmır. Dövlət başçısının təşəbbüsü ilə son illər ərzində bu sahədə geniş proqramlar hazırlanıb, beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycan regionda kibertəhlükəsizlik mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atıb. Cənab Prezident öz çıxışında bir daha vurğuladı ki, bu, sırf texnoloji məsələ deyil, milli suverenliyin müasir formasıdır. Həmçinin hərbi sənayenin inkişafı, özəl sektorun bu sahəyə cəlb edilməsi də dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün Azərbaycanın hərbi sənaye kompleksi artıq daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Pilotsuz uçuş aparatlarının, müşahidə sistemlərinin və süni intellekt əsaslı idarəetmə texnologiyalarının yerli istehsalının təşkili elmin praktik tətbiqinə bariz nümunədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın müasir inkişaf modelinin əsasını güclü iqtisadiyyat, müstəqil texnologiya və milli təhlükəsizlik siyasəti təşkil edir. Qeyd olunmalıdır ki, Vətən müharibəsində əldə edilən Qələbə yalnız hərbi sahədə deyil, həm də elmi-texnoloji potensialın təsdiqi idi. Azərbaycanın pilotsuz uçuş aparatlarından tutmuş rabitə sistemlərinə qədər müasir texnologiyaları effektiv istifadə etməsi müharibə gedişatında mühüm dönüş yaratdı. Dövlət başçısının çıxışında səslənən ideyalar sübut edir ki, elmi-texnoloji inkişaf artıq təkcə modernləşmə deyil, həm də dövlət gücünün əsas təminatından biridir. Azərbaycan dövləti bu istiqamətdə yalnız regionda deyil, qlobal miqyasda da nümunə göstərilə biləcək model formalaşdırır” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini sona çatdırıb.



Seçilən
30
1
aia.az

2Mənbələr