Xəzər rayonunda məktəb rəhbərliyi ilə müəllim arasında gərginlik qalmaqalla nəticələnib. 216 saylı məktəbin ingilis dili müəllimi Sədaqət Babayeva direktor əvəzi Çinarə Cəbrayılova ilə mübahisədən sonra xəstəxanaya düşüb.
Bu barədə Musavat.com-a danışan Sədaqət Babayeva bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib.
Müəllimin sözlərinə görə, mübahisəyə səbəb onun dünən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etdiyi şikayət olub:
“Onu Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət etdiyimə görə məni bu gün otağına çağırdı. Söhbət mübahisəyə çevrildi. Məni elə bir həddə çatdırdı ki, əsəbiləşdim, ürəyim tutdu. Təcili yardım çağırıldı, məni xəstəxanaya apardılar”.
Sədaqət Babayeva deyib ki, direktor əvəzinin davranışı uzun müddətdir onu psixoloji təzyiq altında saxlayır:
“Elə bir yer yoxdur ki, onun qanunsuzluqlarından şikayət etməyim. Elm və Təhsil Nazirliyinə də müraciət etmişəm. Onun məndən nə istədiyini anlamıram. Qeyri-qanuni şəkildə mənə töhmət verir. Deyir ki, niyə aprel ayında müsahibədə iştirak etmisən, məktəbi biabır etmisən. Hər şeyə qarışır, hətta “WhatsApp” statusuma belə irad tutur. Deyir, bu videonu niyə paylaşmısan, bu şəkli niyə qoymusan”.
Müəllimin iddiasına görə, direktor əvəzi himayədarlarına arxalanaraq özünü toxunulmaz hesab edir:
“Yüksək vəzifəli qohumları var, deyir, mənə heç kim heç nə edə bilməz. Məktəbdə hər gün stress içindəyəm. Sakit işləmək mümkün deyil”.
Məsələ ilə bağlı Musavat.com Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərib. Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
Musavat.com Çinarə Cəbrayılova ilə əlaqə yaratmağa çalışsa da, məktəbdən direktor əvəzedicisinin təlimdə olduğu və cavab verə bilmədiyi deyilib.
Şahanə Rəhimli
Musavat.com