"2026-cı ilin dövlət büdcəsi layihəsində gələn il şəhər və rayonların yerli gəlirləri və xərcləri üzrə azalma proqnozlaşdırılıb".
Moderator.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyində öz əksini tapıb.
Bildirilir ki, 2026-cı ilin dövlət büdcəsi layihəsində yerli gəlirlər 758.3 milyon manat, yerli xərclər isə 759.1 milyon manat həcmində müəyyən edilib. Bu göstəricilər 2025-ci illə müqayisədə müvafiq olaraq 36.7 milyon manat (4.6%) və 41.2 milyon manat (5.1%) azdır.
Təhlil göstərir ki, 2026-cı ilin büdcəsində yerli gəlirlər əksər şəhər və rayonlar üzrə azalma ilə proqnozlaşdırılıb. Bununla belə, şəhər və rayonların cəmi gəlirləri - yəni yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissə də daxil olmaqla - 9.1% artımla nəzərdə tutulub.
Qanun layihəsinə əsasən, gələn il 66 şəhər və rayon (Cəbrayıl, Xocalı, Kəlbəcər və Yardımlı rayonları da daxil olmaqla) öz xərclərini dövlət büdcəsindən dotasiya almadan, tam şəkildə yerli gəlirləri hesabına qarşılayacaqlar.
Yalnız Xocavənd rayonu üçün mərkəzləşdirilmiş xərclərdən 0.8 milyon manat həcmində maliyyə yardımı (dotasiya) ayrılması planlaşdırılıb.
Hesablama Palatası bildirir ki, son illərdə dövlət büdcəsindən ayrılan dotasiyaların həm məbləği, həm də dotasiya alan rayonların sayı üzrə azalma tendensiyası müşahidə olunur.
Rəyə əsasən, 2026-cı ilin dövlət büdcəsində yerli xərclərin əsas istiqamətləri belə bölüşdürülüb:
- Əməyin ödənişi xərcləri - 394.1 milyon manat (2025-ci ilin proqnozu ilə müqayisədə 1.9 dəfə artım);
- Ətraf mühitin mühafizəsi - 246.8 milyon manat;
- İcra hakimiyyəti orqanlarının saxlanılması - 218.6 milyon manat;
- Mənzil və kommunal təsərrüfatı - 212.1 milyon manat;
- Nəqliyyat və rabitə - 47.1 milyon manat;
- Hərbi qulluqçulara kirayə kompensasiyası - 15.5 milyon manat;
- Mədəniyyət, gənclər və idman sahələri - 5,7 milyon manat;
- Digər xərclər - 13.3 milyon manat.