AZ

65 İLİN FƏRMANI: Göy Üzünün Yer ADAMI – Professor-Şairə Mahirə Nağıqızının qiyamı, ilhamı və əbədiyyət dastanı



Hər insanın ömür yolu bir kitabdır, bəziləri isə həm elm, həm də sənət səhifələrini ehtiva edən nadir cildlər. Professor Mahirə Nağı qızı Hüseynova məhz belə bir zənginliyin, iki müqəddəs zirvəni eyni anda fəth etməyin simvoludur. O, bir tərəfdən Azərbaycan dilçiliyinin dərinliklərini araşdıran, xalqımızın dil sərvətinə işıq salan professor-alim, digər tərəfdən isə duyğularını misralara hopduran, ruhu oxşayan sözlərin sahibi olan şairədir – Mahirə Nağıqızıdır
Bu gün – 4 Noyabr 2025-ci il, Azərbaycanın elm və sənət dünyası qüdrətli bir ömrün – filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru, Əməkdar müəllim, şairə Mahirə Nağı qızı Hüseynovanın 65 illik şərəfli yubileyini qeyd edir. Onun həyatı sadəcə təqvimin vərəqləri deyil, elm cəbhəsində aparılan mübarizənin, dilin saflığı uğrunda müqəddəs qeyrətin, ustadına sədaqətin və sözə olan vətəndaş məhəbbətinin 65 illik sarsılmaz, emosional dastanını özündə ehtiva edir.
Mahirə Hüseynova adı çəkiləndə qarşımızda nə alimin, nə də şairin dar çərçivəsi dayanır. Qarşımızda elm və sənətin, ağlın ciddiliyi və qəlbin həssaslığının nadir bir ahəngini qura bilmiş, ömrünü “iki qanadlı” yaşamaq şərəfinə nail olmuş bir Fenomen durur. Bu, Naxçıvanın Sust kəndindən başlayan, Abşeronun daşlı yollarından keçən və bu gün Türk Dünyasının zirvələrinə ucalan bir Azərbaycan Xanımının hekayəsidir.



Daş ağırlığına sınmayan iradə: Təhsildən tədrisə şərəfli missiya

Mahirə xanımın ömür yoluna nəzər saldıqda görürük ki, onun nailiyyətləri asanlıqla qazanılmayıb. Hər uğurun arxasında zəhmət, fədakarlıq və sarsılmaz qeyrət dayanır. O, 1980-ci ildə ADPU-nun filologiya fakültəsinə daxil olub, fərqlənmə diplomu ilə institutu bitirib. Təyinatla Abşeronun Mehdiabadında və Bakıda müəllimlik fəaliyyətinə başlayan Mahirə Hüseynova tezliklə “Respublikanın qabaqcıl təhsil işçisi” adına, 2003-cü ildə “İlin nümunəvi müəllimi” müsabiqəsinin qalibi adına layiq görülüb. Sonrakı illərdə dövlətin ona verdiyi “Əməkdar müəllim” fəxri adı bu fədakarlığın ən uca zirvəsidir.
Bu yolda ona güc verən nə idi? Bəlkə də, şairənin öz dilindən eşitdiyimiz ana fədakarlığı – o, daş ağırlığına sinə gərən ananın qızıdır:
Bir dəfə taledən gileylənmədi,
Tapdı ocağında, bizdə varlığı.
O daş əlləriynən durub o başdan
Çöllərdə yavanlıq nə tapsa, dərdi.
Amma ürəyindən daş asılmadı...

Məhz bu daş ağırlığına sınmayan iradə onu elmə apardı. O, 2009-cu ildən ADPU-da fəaliyyətə başladı və filologiya üzrə fəlsəfə doktoru, sonra elmlər doktoru adını alaraq professor zirvəsinə yüksəldi. Onun elmi tədqiqatları Azərbaycan dilçiliyinin ən həssas və vacib sahələrini əhatə etdi: Aşıq və el şairlərinin linqvistik irsi, Qərbi Azərbaycanın (xüsusilə Dərələyəz mahalının) dialektologiyası və dövlət dili siyasəti.

Söz Mülkünün Sultanı: Qərbi Azərbaycan yanğısı və sazın ahəngi – Ruhun Poetik Xəritəsi


Professor Mahirə Hüseynova elm dünyasında qanunları yazarkən, Mahirə Nağıqızı təxəllüsü ilə sənət dünyasında qəlbin qanunsuzluğunu yaşadı. “Qızıl qələm” mükafatı ilə qiymətləndirilən şairənin 14-ə yaxın şeir kitabı onun yurd nisgilini, İlahi eşqini və Vətən qeyrətini əbədiləşdirdi.

Bayatılarda yurdun müqəddəs coğrafiyası və qeyrət fəlsəfəsi

Mahirə Nağıqızının bayatıları sadəcə folklor nümunəsi yox, Vətən sevgisinin ən təmiz, ən qədim formuludur. Onun dörd misralıq kiçik bayatılarında Qərbi Azərbaycanın bütün coğrafiyası dilə gəlir, qeyrət fəlsəfəsi təlqin olunur. Vətən qədrini bilmək onun üçün sadəcə mənsubiyyət yox, yaşanmış ağrı və fədakarlıqdır:
Vətən, sənin qədrini
Qəhrini çəkən bilər.

Şairə Qərbi Azərbaycanın hər daşını, hər su damlasını müqəddəsləşdirir. Ələyəz, Şərur, Arpa çayı, Dərələyəz – bu adlar onun üçün ruhani ziyarətgahlardır. O, həsrətini "lal axan" Arpa çayının qəmini götürən "qum" ilə bölüşür:

Qum gələr lilləndirər,
Suyunu gölləndirər.
Lal axar Arpa çayı,
Dilsizi dilləndirər.

Və Vətənə olan bağlılığını ən böyük qurbanla ifadə edir. Bu, hər bir azərbaycanlının qəlbinin uca duasıdır:
Sular, süngər olaydım,
Torpaq, səngər olaydım.
Sən əmin uyuyaydın,
Vətən, əsgər olaydım.

Bayatıların zirvəsi İrəvan təəssüfünə çatır. İrəvanın Kərbəla kimi qəbul edilməsi isə itirilmiş yurdun müqəddəsliyinə inamın, qayıdış yolunun mənəvi ağırlığının ən dərin poetik ifadəsidir:
Son mənzili İrəvandı
Onu Kərbəla bilmişəm.


Həsrət və Qayıdış: "Küsübdümü" və "Qayıtmayam" dramatizmi

Mahirə Nağıqızının yurd həsrəti bəzən bir sual, bəzən isə bir and şəklində özünü göstərir. “Küsübdümü” (Ələyəzə) şeiri itirilmiş torpaqla qovuşa bilməyən insanın faciəvi daxili dialoqudur. Yurdun hər elementi – dağlar, bulaq, duman – onunla küsülü görünür:
Salam verdim, dillənmədi,
Dağlar məndən küsübdümü?
Dumanı yaylığım idi,
Dağlar məndən küsübdümü?

Şairə bu küskünlüyü aradan qaldırmaq üçün yalvarır, hətta daşa dönməyə razı olur. “Qayıtmayam” şeirində isə bu həsrət qəti bir And ilə bitir. Şəhər məni yedi deyən şairə, yurduna qayıdıb artıq heç vaxt geri dönməməyi arzulayır. Bu arzu bədii detal və mistik təsvirlərlə doludur:
Ruhum ağaca dönəydi,
Bitəm, bir də qayıtmayam.
Atalı olmaq kamıma
Yetəm, bir də qayıtmayam.


Zəhranın Qanı və göylərimizdə dolaşan Həsən Mirzə ruhu


Şairənin vətəndaş mövqeyi Füzulinin Alxanlı kəndində qətlə yetirilən iki yaşlı Zəhranın faciəsinə həsr etdiyi “Zəhranın qanı” şeirində özünün ən kəskin, ən ağrılı ifadəsini tapır:
Almasa bədəlin erməni xunkar,
Boğar hamımızı Zəhranın qanı.
Bu boyda millətin dərdi bölünmür.

Bütün bu poetik ağrı və qeyrət Mahirə xanımın ustadı Həsən Mirzənin ruhuna ehtiramla tamamlanır. “Həsən Mirzə yaşayır” şeiri bu sevginin və əmanətin ən uca zirvəsidir:
Ələyəzdə Həsən Mirzə yaşayır.
Telli sazda Həsən Mirzə yaşayır.

O, Mahirə Hüseynova üçün sadəcə bir dayı yox, Dil Qeyrətinin, Elm Əmanətinin və Yurd Sevgisinin əbədi simvoludur.

Vətəndaş qeyrəti, dilin keşiyində duruş və Müzəffər Lider tövsiyəsi

Professor Mahirə Hüseynovanın ictimai və elmi fəaliyyəti tamamilə dövlət siyasəti və milli qeyrətin xəlitəsidir.
Qeyd etmək lazımdır ki, Mahirə Nağıqızının alim, ictimai xadim ömrünü qabardan, onu şərtləndirən amillərdən biri onun yaratdığı və yaratmaqda davam etdiyi ədəbiyyat nümunələridir.
Məhz bu ədəbi yanğı onun ictimai platformadakı fəaliyyətinə ruh verir. O, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü və Dərələyəz mahalının Paşalı Rayon İcmasının sədri kimi, Ermənistan Respublikasından zorakılıqla çıxarılan aborigen əhalinin – azərbaycanlıların öz tarixi vətənlərinə qayıdışı istiqamətində apardığı işlərlə tarixi missiyanın başında dayanır.


Mahirə xanım Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü kimi də Dil siyasətinə dəstək verir. Onun bu fəaliyyəti, cənab Prezident İlham Əliyevin AMEA-dakı çıxışında dilin təmizliyinə və qorunmasına dair verdiyi dəyərli tövsiyələri əməliyyat müstəvisində reallaşdırmaq deməkdir.
Bununla yanaşı, o, BZT Turan Akademiyasının Fəxri Komitəsinin sədri və 2025-ci ildə seçildiyi Türk Dünyası Alim Qadınlar Şurasının sədri kimi beynəlxalq Türk platformasında Azərbaycan elmini və sözünü təmsil edir.
Professorun qəlbi Vətən savaşında alovlandı və bu alov “Salam olsun!” şeirində özünü göstərdi:
Dalğalandı Şuşada al bayrağımız,
Qurban olum, hamınıza salam olsun!

...Və nəhayət
Bu gün, 65 illik şərəfli yubileyində, professor-şairə Mahirə Nağı qızı Hüseynova bütün Azərbaycana və Türk Dünyasına Qeyrət, Sədaqət və Sözə Hörmət dərsi verir. O, həm alim məntiqi, həm də şair qəlbi ilə gələcək nəsillərə sözün qüdrətini miras qoyan bir Əfsanədir.
O, ruhumuzu oyada bilən Mahirə Nağıqızıdır. O, dilimizin keşiyində duran Əməkdar müəllimdir. O, Qərbi Azərbaycanın ağrısını qəlbində daşıyan Vətən qızıdır. Mahirə Hüseynova iki dünyanın – ağlın qüdrəti (professorluq) və ruhun ucalığı (şairəlik) – tilsimini özündə birləşdirən nadir bir şəxsiyyətdir. O, sözün həm elmi yükünü, həm də bədii qanadını eyni dərəcədə bacarıqla daşıyır.
Onun haqqında deyilən xoş sözlər, yazılan səmimi məqalələr – bütün bunlar Mahirə Nağıqızının özünün dediyi kimi, "halal yığdığı" zəhmətin bəhrəsidir. Bu, elm və sənət yolunu bir ürəkdə birləşdirən böyük Azərbaycan Xanımının dastanıdır!
Azərbaycançılığın və dilin keşiyində duran Azərbaycanın bu dəyərli alim və şairə qızına – professor Mahirə Nağı qızı Hüseynovaya – bu parlaq yubiley münasibətilə ən səmimi təbriklərimi çatdırır, ona möhkəm cansağlığı, tükənməz ilham və Qərbi Azərbaycana qayıdış günlərini görmək kimi böyük xoşbəxtlik arzulayıram!
Sözünüz hər zaman işıq saçsın, Mahirə xanım!
Bu şeior də yubiley gününə şair qardaşının HƏDİYYƏSİ olsun.


Mübarək!
Könül verdin çiçəyəcə, güləcə,
Aylar illər döndü dağda seləcə
Keşməkeşli ömür keçdi beləcə,
Xatirəli keşməkeşin mübarək!
Şair bacım, altmış beşin mübarək!

Dada çatdın ayağının tozuynan,
Qəlb ovutdun elin ulu sazıynan,
Çələng hördün Dərələyəz sözüynən,
Güllü yazın, qarlı qışın mübarək!
Alim bacım, altmış beşin mübarək!

Çox ağrılar yuva qurdu sinəndə,
Sızıldadın telli sazın dinəndə,
Güləcəksən! Ellər geri dönəndə,
Dağlar deyər:-Gözün, qaşın mübarək,
Şair bacım, altmış beşin mübarək!

Gözün aydın, Dərələyəz gül açır,
Çoxdan susan telli sazın dil açır.
Haqlı kəsə Tanrı özü yol açır,
Göydə quşun, yerdə daşın mübarək!
Şair bacım, altmış beşin mübarək!

Həsən Mirzə ocağından közün var,
Kürsülərdən deyiləsi sözün var,
Şeir, sənət aləmində izin var,
Söyləyəcək dost, yoldaşın, mübarək!
Alim bacım, altmış beşin mübarək!

Cavan ikən müdrikləşən bacımız,
Ucaldıqca sadələşən bacımız,
Hər kəlmədə yada düşən bacımız.
Bir gün deyək doxsan beşin mübarək,
Bu gün isə altmış beşin mübarək!

Bax, payızdı, bar budağı əyir ki,
Pəncərəni xoş xəbərlər döyür ki...
Belə gündə Şəmsi Qoca deyir ki:
-Alim bacım, altmış beşin mübarək!
Şair bacım, altmış beşin mübarək!



ŞƏMSİ QOCA



Seçilən
25
aia.az

1Mənbələr