"Dünyada çox az ölkədə Azərbaycandakı qədər aşağı rəqəmli gəlir vergisi mövcuddur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, növbəti ildən 2500 manata qədər olan gəlirə cəmi 3 % gəlir vergisi tətbiq olunacaq: “Yəni, dünyada çox az ölkədə bu qədər aşağı rəqəmli gəlir vergisi mövcuddur. Eyni zamanda, biz ümumi fiskal yükü tənzimlədik. Azərbaycanda əvvəllər ümumi fiskal yük 52-55 %-ə qədər idi. Biz artıq Azərbaycanda ümumi fiskal yükü 37 % ilə tənzimlədik. Bütün gəlir növlərində onu keçməmək şərti qoyduq. Paralel olaraq, biz hazırladığımız bu yeni layihə ilə ölkəmizdə güzəşt dövrü ilə bunu tətbiq etmirik, bunu daimi dərəcələr olaraq tətbiq edirik. Gəlir vergisi 2026-cı ildə 3 %, 2027-ci ildə 5 %, 2028-ci ildə isə 7 % olacaq. Gəlir vergisi 7 %-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 mata qədər 7 %, 8000 manata qədər 10 %, 8000 matadan yuxarı isə 14 % olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3 %-dir”.
Nazir qeyd edib ki, bunun özü də çox böyük güzəştdir: “Düşünürük ki, bu da özəl sektorun, xüsusilə kiçik-orta biznesin inkişafı, investasiya yatırımları, infrastruktur yatırımları üçün kifayət qədər müsbət bir təməl və şərait yaradır”.
Anar Kəlbiyev