AZ

Bakıda Zəfər Günü ilə əlaqədar bəzi yollar bağlanacaq

8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məqsədilə noyabrın 5-i və 6-sı, saat 10:00-dan 16:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq və istiqamətlər dəyişdiriləcək.

Doğru.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) hərəkət iştirakçılarına müraciət yayıb.

Məhdudiyyət tətbiq ediləcək ərazilər:

Bakı Su İdman Sarayından, Teleteatr binasının yanından və Şeyx Şamil küçəsindən “Azneft” dairəsi istiqamətinə;

Neftçilər prospekti, Z.Əliyev, Ü.Hacıbəyli və 8 Noyabr prospektinin bir hissəsi;

Ağ Şəhər Bulvarı, X. Rüstəmov küçəsindən Y. Səfərov küçəsinə qədər olan hissə.

DYP sürücülərə alternativ yollar kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yoldan istifadə etməyi tövsiyə edib.

Həmçinin Bayıl qəsəbəsində yaşayanlara Qurban Abbasov küçəsi və daxili yollar vasitəsilə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etmək, şəhərin mərkəzindən Xətai və Nizami rayonlarına gedən sürücülərə isə Ş. Bədəlbəyli, Azadlıq prospekti, Nizami və Y. Səfərov küçələrindən istifadə etmək tövsiyə olunur.

DYP əməkdaşları qeyd edilən küçə və prospektlərin giriş-çıxışlarında xidmət aparacaq və nəqliyyat vasitələrini alternativ istiqamətlərə yönləndirəcək.

Qurum vətəndaşlardan şəhərin mərkəzinə fərdi avtomobillərlə daxil olmamağı, ictimai nəqliyyata üstünlük verməyi xahiş edib.

DOĞRU.AZ

Seçilən
19
dogru.az

1Mənbələr