AZ

Müəllimlər üçün mühüm yenilik: Maaşları artacaq? DETALLAR

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müəllimlərin maaşının dərs saatına deyil, ümumi iş saatına əsasən hesablanması ilə bağlı müzakirə olunan yeni model Azərbaycan təhsil sisteminin idarəetmə fəlsəfəsində keyfiyyət yönümlü dönüş yaratmaq potensialına malikdir. Təhlil göstərir ki, mövcud “saathesabı” yanaşması müəllimin fəaliyyətini yalnız sinifdə keçirdiyi 45 dəqiqəlik dərslə məhdudlaşdırır. Halbuki müəllim əməyinin əsas hissəsi — dərsə hazırlıq, qiymətləndirmə, metodik fəaliyyət, şagirdlərlə və valideynlərlə iş, fənn kurikulumu üzrə özünüinkişaf — sinifdən kənarda formalaşır. Yeni yanaşma bu əməyin hüquqi və iqtisadi baxımdan tanınmasını nəzərdə tutur ki, bu da peşəkar keyfiyyət və sosial ədalət baxımından zəruri addımdır”.Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 33-cü maddəsində qeyd olunur ki, “müəllimlərin peşə fəaliyyəti tədris, metodiki, tərbiyəvi və ictimai fəaliyyətlərin məcmusundan ibarətdir.” Hazırkı praktika isə bu müddəanı yalnız qismən əks etdirir, çünki əməkhaqqı faktiki dərs yükünə əsasən hesablanır:“Nəticədə, eyni tədris keyfiyyətinə malik, lakin fərqli saat yükü olan müəllimlər arasında ciddi sosial və maddi fərqlər yaranır. Bu sistem müəllimləri əlavə dərs yükü axtarışına yönəldir, lakin pedaqoji yaradıcılığı və məktəbdə kollegial fəaliyyəti zəiflədir.Elm və Təhsil Nazirliyinin təklif etdiyi yeni model bu problemləri aradan qaldırmağa yönəlib. Müsbət tərəfi ondan ibarətdir ki, bu yanaşma müəllim əməyinin bütöv spektrini — dərsdəki və dərsdənkənar fəaliyyətini — rəsmi əmək funksiyası kimi tanıyacaq. Nazirliyin ilkin təhlillərinə görə, bu sistem tətbiq edildiyi halda, hazırda 10 saatdan az dərs yükü olan 60 mindən çox müəllimin maaşı orta hesabla 25–30 faiz artacaq. Bu, həm müəllim peşəsinə marağı artıracaq, həm də məktəbdə sabitliyi gücləndirəcək”.Ekspert qeyd edib ki, beynəlxalq təcrübə bu istiqamətdə Azərbaycanın addımını dəstəkləyən mühüm nümunələrlə zəngindir:“OECD-nin TALIS 2022 hesabatına əsasən, inkişaf etmiş ölkələrdə müəllimlərin orta həftəlik iş yükü 45–50 saat arasında dəyişir və bunun yalnız yarısı dərs prosesinə sərf olunur. ABŞ-da müəllim həftədə orta hesabla 46 saat işləyir, bunun 28 saatı dərs, qalanı hazırlıq, qiymətləndirmə və şagird dəstəyi ilə bağlıdır. Finlandiyada müəllimlər 37,5 saatlıq həftəlik iş rejiminin 16 saatını dərsə, 21,5 saatını isə məktəbdaxili fəaliyyətlərə ayırırlar. Estoniyada müəllimlərə dərsdənkənar fəaliyyət üçün əlavə 20 faiz maaş əlavəsi tətbiq olunur. Bu modellər göstərir ki, müasir təhsil sistemində müəllimin məktəbdə tam ştat rejimində fəaliyyət göstərməsi həm nəticəyə, həm də peşəkar inkişafa birbaşa təsir edir.Azərbaycan məktəblərində hazırkı iki status — ştat və saathesabı — əmək bazarında və təhsil sistemində bərabərsizlik yaradır. Saathesabı işləyən müəllimlər məktəbin ictimai və metodik həyatında aktiv ola bilmir, çünki onların əmək öhdəlikləri yalnız dərs saatı ilə məhdudlaşır. Yeni model bu vəziyyəti dəyişərək, məktəbi yalnız dərs yeri deyil, həm də müəllimin peşəkar inkişaf mühiti kimi formalaşdıracaq. Müəllim məktəbdə tam iş vaxtı ərzində fəaliyyət göstərəcək, dərsə hazırlıq, qiymətləndirmə, şagirdlərlə fərdi iş və metodik tədbirlər bu vaxt çərçivəsinə daxil ediləcək. Bu, həm də məktəb kollektivlərində əməkdaşlıq və peşəkar paylaşım mədəniyyətini inkişaf etdirəcək”.Ekspertin sözlərinə görə, dünya təcrübəsində bu yanaşma həm müəllimlərin gəlirlərinin artmasına, həm də təhsil nəticələrinin yüksəlməsinə səbəb olub:“Məsələn, Koreyada bu sistem tətbiq edildikdən sonra müəllimlərin illik gəlirləri 17 faiz artıb, Finlandiyada müəllimlərin işdən məmnunluq göstəricisi 84 faizə çatıb, Norveçdə isə şagirdlərin PISA nəticələrində 9 bal yüksəliş qeydə alınıb. Azərbaycanda bu modelin uğuru onun tətbiq mexanizminin keyfiyyətindən asılı olacaq. Əgər məktəblərdə müəllim əməyinin qiymətləndirilməsi nəticə yönümlü sistemlə müşayiət olunsa, bu, həm əməkhaqqı artımına, həm də tədris keyfiyyətinə müsbət təsir göstərəcək.

Hesab edirəm ki, müəllimlərin maaşının iş saatına əsaslanması qərarı təkcə maliyyə deyil, həm də keyfiyyət islahatı kimi qiymətləndirilməlidir. Bu sistem səmərəli tətbiq olunarsa, həm müəllimlərin sosial rifahı artacaq, həm məktəblərdə əmək bölgüsü və peşəkar iyerarxiya formalaşacaq, həm də tədrisin keyfiyyəti yüksələcək. Elm vəTəhsil Nazirliyinin bu istiqamətdəki təşəbbüsü beynəlxalq təcrübəyə əsaslanan, elmi cəhətdən əsaslandırılmış və sosial ədalətə söykənən müasir təhsil idarəçiliyinin göstəricisidir”.Cavidan Mirzəzadə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
demokrat.az

1Mənbələr