AZ

Azərbaycanda qrip əleyhinə peyvəndləmə aprel ayınadək davam edəcək

Səhiyyə Nazirliyinin əmrinə əsasən, tibb idarə və müəssisələrinin rəhbərlərinə respublikanın şəhər və rayonlarında tibb işçiləri və digər risk qrupları arasında 2025-ci ilin oktyabrın 8-dən etibarən 6 ay müddətində qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçirilməsi tapşırılıb

“İki sahil” xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Kommunikasiyalar və İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Qeyd edək ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks-epidemik tədbirlər həyata keçirilir. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilib.

TƏBİB-dən AZƏRTAC-a verilən məlumata əsasən, oktyabrın 8-dən noyabrın 2-dək birliyin tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 min 352, 18-59 yaş aralığı 11 min 364, 60 yaş və yuxarı isə 2 min 846 nəfərdir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Seçilən
11
6
ikisahil.az

10Mənbələr