AZ

“Əcnəbi sözlər çox vaxt ehtiyacdan deyil, kiminsə kefinə əsasən dilə daxil edilir” – Nadir Məmmədli

“Yeni Sabah” AMEA Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli ilə müsahibəni təqdim edir.

– Prezident İlham Əliyev AMEA-ın 80 yubileyindəki çıxışında bildirib ki, Azərbaycan dilinin saflığını qorumaq vacibdir. Sizcə, ədəbi dildə bu saflığı qorumaq üçün nələr edilməlidir?

– 10 milyonluq bir xalq olaraq ədəbi dilimizin saflığını qorumaq borcumuzdur. Dilimizə necə yanaşırıqsa, başqaları da elə baxır. Təəssüf ki, xaricdə yaşayan azərbaycanlılar dilimizdən daha çox məişət səviyyəsində istifadə edirlər. Halbuki bir dildə yüksək səviyyədə fikir ifadə etmək mümkündürsə, əcnəbi dillərdən söz gətirməyə ehtiyac yoxdur. Bəli, dillərin inteqrasiyası qaçılmazdır, amma əsas məsələ dilimizin saflığını qorumaqdır. Bu, ölkə daxilində qorunur, lakin xaricdə yaşayan soydaşlarımız da bu məsələdə diqqətli olmalıdırlar. Dominos pizza

– Prezidentin dilin saflığının qorunması ilə bağlı çağırışı, sizcə, nəyin göstəricisidir? Əcnəbi sözləri əsasən dilə kimlər və nə üçün daxil edir?

– Cənab Prezidentin çıxışında vurğuladığı kimi, məsuliyyət yalnız dilçilərin deyil, həm də yazıçıların, jurnalistlərin və sadə vətəndaşların üzərinə düşür. Prezident dövlətin keşiyində durduğu kimi, dilimizin də keşiyində dayanır. Dilimizə əcnəbi sözləri əsasən publisistik üslub daxil edir – qəzetlər, saytlar, sosial media və s. Elmi üslubda bu proses çox ləng gedir, rəsmi üslub isə ümumiyyətlə alınma sözlərə qapalıdır. Publisistik üslubda isə yeri gəldi-gəlmədi, xarici sözlərdən istifadə etmək düzgün deyil.

- AMEA Dilçilik İnstitutu orfoqrafiya lüğətinin hazırlanması istiqamətində hansı yeniliklər edir?

– Hazırda orfoqrafiya lüğətini süni intellektin köməyi ilə hazırlayırıq. Əvvəlki lüğətdə 82 min söz var idi, indi isə bu rəqəm 180 minə çatdırılıb. Bu da dilin inkişafının, inteqrasiyanın göstəricisidir. Lakin biz hər sözü lüğətə əlavə etmirik - yalnız zəruri olan, dilə həqiqətən lazım olan sözləri daxil edirik.

– Bəs lüğətə yeni sözlər əlavə edilərkən hansı prinsiplər əsas götürülür?

– İki anlayışa diqqət edirik: alınma söz və əcnəbi söz. Alınma sözlər dilə ehtiyacdan gəlir, yəni bu halda onları götürmək lazımdır. Amma əcnəbi sözlər çox vaxt ehtiyacdan deyil, kiminsə kefinə əsasən dilə daxil edilir. Kiminsə xətrinə, ya da dəbə görə bu sözləri götürmək düzgün deyil. Məsələn, “müsahibə” sözü illərdir işlənir, amma indi “intervyu” işlədilir. Bu yersizdir. Eyni vəziyyət “multfilm” və “cizgi film”, “bilgisayar” və “kompüter” sözlərində də müşahidə olunur. Zamanla bunlardan biri qalacaq, digəri dildən çıxacaq.

– Sizcə, bu istiqamətdə nələr edilməlidir, hansı addımlar atılmalıdır?

– Əsas məqsəd odur ki, həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar dilin saflığını qorusunlar. Orfoqrafiya lüğətini müasir texnologiyaların köməyi ilə daha da təkmilləşdiririk, amma ən vacibi insan amilidir. Hər kəs – alim, müəllim, jurnalist və sadə vətəndaş da dilə sevgi və məsuliyyətlə yanaşmalıdır.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
47
yenisabah.az

1Mənbələr