“Turan Tovuz” 5 aylıq fasilədən sonra doğma arenaya qayıtdı. Komanda Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı”nı Tovuz şəhər stadionunda qəbul etdi.
Staionun süni ot örtüyünün təbii ilə dəyişidirilməsinə görə bölgə klubu ev oyunlarını bu mövsüm “Azərsun Arena”da keçirirdi. 161 gündən sonra öz meydanında qayıdan Tovuz təmsilçisinin oyununda isə mövsümün azarkeş rekordu qeydə alındı. Matçı tribunalardan təqribən 5800 azarkeş izlədi.
Tovuz şəhər stadionunun xalçaya bənzəyən yenilənmiş ot örtüyünün görüş başlayandan sonra futbolçulara müəyyən çətinliklər yaşatmasının da şahidi olduq. Yeni salınmış qazonun qopan hissələri hər iki komandanın işini çətinləşdirdi.
Məsələ ilə bağlı QOL.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Süleyman Vəliyev bildirib ki, dərhal ot örtüyündə bərpa işlərinə başlanılıb və növbəti ev oyununa kimi qazonu hazır etməyə çalışırlar:
“Mütəxəssislər də ilk oyunda belə halın normal olduğunu bildirdilər. Oyun bitdikdən dərhal sonra bərpa işlərinə başlanılıb. Yeni xüsusi texnikalar da iş prosesinə cəlb olunub. Mütəxəssislər növbəti oyuna kimi meydançanı tam hazır vəziyətə gətirmək üçün çalışırlar. Ən vacib məqam hava şəraitinin də uyğun olmasıdır. Dayanmadan iş gedir”.
Qeyd edək ki, hazırda çempionatın lideri olan “Turan Tovuz”un növbəti ev oyunu Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”yə qarşı olacaq. Görüşün dəqiq vaxtı açıqlanmasa da, oyun noyabrın 28, 29, yaxud da 30-da keçiriləcək.