Səttar Möhbalıyev: " Şuşa qalib Azərbaycanın qürur zirvəsidir "
Azərbaycan xalqının tarixi yaddaşında 8 noyabr gününün xüsusi yeri var. Bu tarix yalnız bir şəhərin azad edilməsi ilə deyil, bütöv bir xalqın milli iradəsinin, dövlətçilik qüdrətinin və tarixi ədalətin bərpasının simvoluna çevrilib. Beş il əvvəl – 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etdi. Bu qələbə yalnız hərbi uğur deyildi – bu, həm də mənəvi və siyasi qələbə idi. Şuşanın azadlığı ilə Qarabağın ürəyi yenidən döyünməyə başladı, xalqımızın milli qüruru və dövlətimizin tarixi ədaləti bərpa olundu. Şuşa əməliyyatı Zəfərin zirvəsi oldu.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Vətən müharibəsinin hər günü qəhrəmanlıq dastanı idi, lakin bu dastanın zirvəsində Şuşa əməliyyatı dayanır. Dağların qoynunda, sıldırım qayalar arasında gedən döyüşlər tarixdə analoqu olmayan fədakarlıq nümunəsinə çevrildi. Qəhrəman əsgərlərimiz yolsuzluq şəraitində, ağır iqlimdə, düşmənin üstün texnikasına qarşı yalnız imanla və vətən sevgisi ilə irəliləyərək Şuşaya daxil oldular. Məhz bu iradə sayəsində “məğlubedilməz erməni ordusu” mifinin əsassızlığı bütün dünyaya sübut olundu. Cənab Prezident İlham Əliyev bu möhtəşəm Qələbəni belə səciyyələndirmişdi: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Mən dəfələrlə demişəm ki, bu münaqişənin hərbi həll yolu var və bu gün biz bunu döyüş meydanında sübut etdik.” Bu sözlər yalnız bir bəyanat deyildi, onlar Azərbaycan xalqının illərlə qəlbində yaşatdığı arzu və əzmin təntənəsi idi. Həmin gün Şuşada qaldırılan üçrəngli bayraq təkcə bir şəhərin deyil, bütöv Azərbaycanın azadlığının rəmzinə çevrildi.
Millət vəkili onu da xüsusi vurğulayıb ki, Qarabağ Zəfərinə gedən yolun bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. O, Azərbaycanın müstəqilliyini möhkəmləndirərək gələcək qələbənin təməlini yaratdı. Cənab Prezident İlham Əliyev isə həmin təməlin üzərində müasir, qüdrətli və suveren dövlət qurdu. Güclü iqtisadiyyat, müasir ordu, xalq-lider birliyi bu tarixi nəticəni mümkün etdi. BMT-nin 27 il ərzində icra olunmayan 4 qətnaməsini Azərbaycan özü həyata keçirdi. Bu, beynəlxalq hüququn gücünə deyil, ədalətin və xalqın iradəsinə söykənən bir qələbə idi. Məhz cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və diplomatik uzaqgörənliyi bu Zəfərin əsas sütunları oldu. O, ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi tamamladı, Şuşa ilə birlikdə Azərbaycanın qürurunu və dövlətçilik ruhunu dirçəldərək öz adını tarixə Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Cənab Prezident İlham Əliyevin simvolik olaraq göstərdiyi “dəmir yumruq” bu birliyin ifadəsi idi. Məhz bu həmrəylik sayəsində üç minə yaxın şəhidimizin qanı yerdə qalmadı, xalqın inamı qalibiyyətə çevrildi. “Bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik. Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir” – deyə cənab Prezident İlham Əliyev Zəfər Günü müraciətində vurğulamışdı. Azərbaycan xalqı bu birliyi qoruyaraq 2023-cü ilin sentyabrında Qarabağda antiterror əməliyyatı zamanı da öz gücünü bir daha göstərdi. Cəmi 23 saat 48 dəqiqə davam edən əməliyyat Azərbaycanın tam suverenliyini təmin etdi, separatçılığa birdəfəlik son qoydu. Şuşa azad olunduqdan sonra şəhərə yeni həyat qayıtdı. Cənab Prezident İlham Əliyevin 2021-ci il 14 yanvar tarixində Şuşada ucaltdığı üçrəngli bayraq yalnız zəfərin deyil, həm də bərpa və dirçəlişin simvolu oldu. Qısa müddətdə şəhərdə nəhəng infrastruktur layihələri icra edildi – “Zəfər Yolu” salındı, tarixi abidələr bərpa olundu, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş büstləri yenidən öz yerlərinə qaytarıldı. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə Şuşa 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ildə “Şuşa İli”, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edildi. Bu ardıcıl qərarlar Şuşanın milli, mənəvi və beynəlxalq səviyyədə bərpa olunmuş əzəmətinin göstəricisidir. Bu gün Şuşa artıq təkcə Azərbaycanın deyil, bütün türk və islam dünyasının mədəniyyət mərkəzinə çevrilib. Şəhərdə keçirilən beynəlxalq tədbirlər, “Xarıbülbül” festivalı və “Vaqif Poeziya Günləri” Qarabağın dirçəlişinin, milli kimliyimizin təntənəsinin parlaq təzahürüdür. Cənab Prezident İlham Əliyevin hər bir Şuşa səfəri müasir tariximizin canlı salnaməsidir. O, hər dəfə bu şəhərə qədəm qoyanda Azərbaycan xalqının qüruru bir daha ucalır. Dövlət başçısı Şuşada Azərbaycan bayrağını ucaltdığı an demişdi: “Mən bu bayrağı Şuşada qaldırıram və bu bayraq burada əbədi dalğalanacaq!” Sonrakı illərdəki səfərlərdə cənab Prezident İlham Əliyev azad Şuşanın yeni simasını, bərpa olunan abidələri, qurulan yeni infrastruktur layihələrini şəxsən nəzarətə götürərək “Zəfər Yolu”ndan keçib, şəhərin taleyinə dövlət qayğısı ilə yanaşdığını göstərdi. Onun bu səfərləri təkcə bir dövlət başçısının yox, həm də qələbə tarixinin memarının, xalqına hesab verən bir liderin səfərləridir.
Bu səfərlərdə Prezidentin hər bir addımı, hər bir sözü həm də gələcək nəsillərə ünvanlanmış bir mesajdır: Şuşa azaddır, Şuşa dirçəlir və Şuşa əbədi Azərbaycanındır-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.