AZ

Biləsuvarlı şəhid kəşfiyyatçının anası: O, sanki Vətən üçün doğulmuşdu

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Biləsuvar, 4 noyabr, İsmayıl Cəfərli, AZƏRTAC

Vətən uğrunda canından keçən biləsuvarlı şəhid kəşfiyyatçı Cəsarət Ziyadovun doğum günü qeyd olunub. Əgər sağ olsaydı, bu gün onun 21 yaşı tamam olacaqdı. Adı kimi cəsur olan Cəsarət 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Biləsuvar rayonunun Xırmandalı kəndində 2004-cü il oktyabrın 31-də doğulan Cəsarət Ziyadov uşaqlıqdan vətənpərvərliyi, mərdliyi ilə seçilib. Orta təhsilini Xırmandalı kənd 1 saylı tam orta məktəbində alan Cəsarət ali məqsədini Vətənə ləyaqətlə xidmət etməkdə görürdü. 2023-cü ilin yanvarında böyük Vətən sevgisi ilə hərbi xidmətə yollanıb. Xidmətə Qusar rayonundakı hərbi hissədə başlayan Cəsarət sonradan Şəmkirdə yerləşən “N” saylı hərbi hissədə kəşfiyyatçı kimi fəaliyyət göstərib.

Şəhidin anası Minayə xanım AZƏRTAC-ın əməkdaşı ilə söhbətində deyir: “O, sanki Vətən üçün doğulmuşdu. Son danışığımızda da heç nə bildirmədi, hər şeyin yaxşı olduğunu dedi. “Məndən narahat olmayın, evdəkilər Allaha əmanət” deyərək sağollaşdı. Bir gün sonra onun şəhid xəbəri gəldi. Adı Cəsarət idi və o, adına layiq oğul oldu”.

Atası Zaur Ziyadov isə bildirir: “Bu gün 21 yaşı tamam olurdu, amma mənim üçün o həmişə 18 yaşlı, ürəyi Vətən eşqi ilə döyünən övlad olaraq qalacaq. Cəsarət uşaqlıqdan mərd idi, Qarabağ torpaqlarının tam azad olunmasını arzulayırdı. Biz bilirdik ki, o, ya qazi, ya şəhid, ya da veteran olacaq, amma hər halda şərəflə xidmət edəcəkdi. Əsas odur ki, torpaqlarımız bütöv oldu”.

2023-cü il sentyabrın 19-20-də antiterror tədbirlərində kəşfiyyatçı kimi iştirak edən Cəsarət Ziyadov əməliyyat zamanı xüsusi igidlik göstərib və Sırxavənd istiqamətində gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Nəşi döyüş meydanından 10 gün sonra çıxarılaraq sentyabrın 29-da doğulduğu kənddə izdihamla torpağa tapşırılıb. Xırmandalı kəndinin bir küçəsi şəhidin adını daşıyır.

Prezident İlham Əliyevin sərəncamları ilə Cəsarət Ziyadov ölümündən sonra “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
2
azertag.az

3Mənbələr